Əli Qurbani: “Millinin heyətində olmaq üçün əlimdən gələni edəcəm” - MÜSAHİBƏ

Sportal.az “Sumqayıt”ın hücumçusu Əli Qurbaninin müsahibəsini təqdim edir:

 

- Son turda “Qarabağ”la heç-heçə etdiz. Matç barədə nə deyə bilərsən?
-  “Qarabağ”ın gücünü bilirdik, olduqca səviyyəli komandaya qarşı oynayırdıq. Uzun illərdi Azərbaycan çempionudular və olduqca yaxşı kollektivləri var. Amma biz də bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Arxa xətdə inamlı oyunumuz sayəsində rəqibdən 1 xal ala bildik.

 

- Bu mövsüm “Qarabağ”a qarşı Sumqayıtdakı ilk oyunda da xal qazanmışdız, hətta qələbəyə yaxın olmuşduz. Demək olarmı ki, bu komandaya qarşı oynamağın formulunu tapmısız?
- Premyer Liqanın birinci dövrəsində keçirdiyimiz ilk oyun yadımdadır. Qarşılaşmaya çox yaxşı başlamışdıq. Nəticədə 2:0 hesabı ilə önə çıxmışdıq. Lakin son saniyələrdə buraxdığımız qol sayəsində qələbəni əldən vermişdik. “Qarabağ” kimi komandalara qarşı oyunlar hər zaman çətin olur. Amma bu matçda da sərfəli nəticə ilə ayrıldığımızı düşünürəm.

 

- Mövsümün ikinci dövrəsində komandada eniş olsa da, 2021-ci ildə keçirdiyiniz oyunlarda yenə yaxşı qrafik cızmağa başlamısız. Eyni uğursuzluğa düçar olmamaq üçün nə etmək lazımdı?
- Düz deyirsiz, çempionata olduqca yaxşı başlamışdıq. İlk dövrənin yekununda hətta turnir cədvəlinin ilk pilləsində qərarlaşmışdıq. Lakin sonradan bəzi futbolçularımızın zədələnməsi və komandamızın əksər üzvlərinin COVID-19 virusuna yoluxması bizə çətinlik yaratdı. Onu da unutmayaq ki, bir komanda bütün mövsüm boyu pik formada ola bilməz. Bunu Avropanın öndə gedən klublarında da görmək mümkündü. Amma buna baxmayaraq, fasilədə yaxşı hazırlaşdıq və ardıcıl xallar qazanmağa başladıq. Hətta Azərbaycan Kubokunda da mərhələ adlamağı bacardıq. Çox yaxşı baş məşqçimiz və komandamız var. İnşallah mövsümün sonunda istədiyimiz pillədə qərarlaşarıq. Uğur qazanmaq üçün bütün komanda olaraq çalışırıq.

 

- Keçən il zədə almışdın və bu səbəbdən bir neçə oyunu buraxdın. Fasilədən sonra isə iki oyunda fərqlənməyi bacarmısan. Formaya düşməyə başlamısan?
- Çox ağır 3 ayı arxada buraxdım. Allaha şükürlər olsun ki, sağalmışam və komandama kömək etmək üçün hər şey edirəm. Yavaş-yavaş tam gücümü yığıram. Tezliklə pik formama çatacağımı düşünürəm.

 

- Mövsümün əvvəlində bombardirlər siyahısında birinci idin. İndi isə liderdən 4 top geri qalırsan. Bombardir olmaq sənin üçün nə qədər əhəmiyyətlidi?
- Əlbəttə, qol vurmaq çox yaxşı hissdi. Bombardirlər siyahısında yer almaq məni sevindirməyə bilməz. Lakin mənim üçün ən vacib məsələ komandamın uğur qazanmasıdı.

 

- Qış fasiləsində əvvəl burda oynamış, Mehdi Şərifi “Sumqayıt”a qayıtdı. O da komandada yaxşı bombardirlik kefiyyətləri göstərmişdi. Belə görünür heyət uğrunda ciddi rəqabət olacaq...
- Mehdi Şərifinin bura gəlməzdən öncə tanıyırdım. İndi bir klubun uğurları üçün çalışırıq. Çox yaxşı futbolçudu. Sevinirəm ki, hər ikimiz “Sumqayıt”ın uğuru üçün mübarizə aparırıq.

 

- 3-cü sıradan çox geri qalmırsız. Mükafatçılar sırasına düşməyi nə dərəcədə real görürsən?
- Əvvəldə dediyim kimi, çox güclü baş məşqçimiz və əla komandamız var. Bir ailə olaraq burdakı vəziyyət hər kəsi qane edir. Bunun məntiqi nəticəsi kimi fasilədən sonra uğurlu nəticələr qazanmaqdayıq. İnşallah, mövsümün sonunda istədiyimiz pillədə qərarlaşarıq.

 

- Növbəti rəqib ən yaxın izləyiciniz “Qəbələ”di. Mövsümün öncəki, matçlarının birində məğlub olmusuz, birində heç-heçə etmisiz...
- “Qəbələ” çox yaxşı komandadı. Olduqca yaxşı futbolçuları var. Öz meydanlarında da uğurlu çıxış edirlər. Bütün komanda olaraq bu qarşılaşmaya köklənmişik. İnşallah, səfərdən uğurlu nəticə ilə qayıdarıq.

 

- Martda milli komanda dünya çempionatının seçmə mərhələ oyunlarına başlayacaq. De Byazidən dəvət gözləyirsən?
- Milli komandanın siyahısında yer almaq üçün əlimdən gələni edəcəm (futbolpress.az).

Tarix: 22 Fevral [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Mart 2021
1  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio