"Qarabağ"ın yeni transferi: "Mançester Siti" və "Yuventus" futbolçularının keçmiş komanda yoldaşı - FOTOLAR

"Qarabağ"ın bu mövsüm ilk transferi Marko Yankoviç oldu. Monteneqro millisinin şərəfini qorumuş yarımmüdafiəçi gənc olmasına baxmayaraq, indiyə qədər yetərincə səviyyəli klublarda oynayıb. Yarımmüdafiənin mərkəzində və sağ cinahında oynamağı bacaran Yankoviçin son klubu İsrail “Hapoel”i (Tel-Əviv) olub.  26 yaşlı futbolçu “Qarabağ”a gələnə qədər 9 fərqli klubda oynamağa macal tapıb. Maraqlı məqamlardan biri odur ki, Azərbaycan çempionunun yeni transferi indiyə qədər həm tanınmış simalarla, həm də Azərbaycan çempionatında çıxış etmiş futbolçularla birlikdə oynayıb.

Boyan Şaranov

"Qarabağ"da özünü yaxşı tərəfdən göstərə bilməyən Boyan Şaranov daha çox ölkə çempionatında "Qəbələ" ilə səfər matçında buraxdığı qollardan sonra əsas heyətdə möhkəmlənə bilməmişdi. Hazırda Yunanıstanda "PAS Gianina" klubunun qapısını qoruyan 34 yaşlı kiper 2016-cı ildə Yankoviçlə "Partizan"ın uğurları üçün çalışıb.




Leonardo

2016-cı ildə “Qarabağ”ın yeni transferi ilə birlikdə “Partizan”da oynamış, Azərbaycan futbolsevərlərinə tək tanış sima Şaranov deyil. 2014-cü ildə “Metallurq”(Donetsk) klubundan “Qəbələ”yə keçmiş və ölkə çempionatında adından söz etdirməyi bacarmış Leonardo da Yankoviçlə Belqradda tanış olub. Hazırda ölkəsinin "Marinqa" klubunda oynayan "Leo" "Qarabağ"ın yeni futbolçusu ilə birlikdə Serbiya çempionu olmasa da, ölkə kubokuna sahib çıxmışdı.


 

Milan Obradoviç

“Partizan” yetirməsi olan Yankoviç 2014/2015 mövsümün icarə əsasında “OFK Beoqrad”da keçirib. Paytaxt klubunda o, U-21 yığmamızın artıq sabiq baş məşqçisi olan Milan Obradoviçlə komanda yoldaşı olub.



Samuel Armentorros

“Qarabağ”da adından söz etdirməyi bacaran Samuel Armentorros da Yankoviçin nəyə qadir olduğunu yaxşı bilən futbolçulardandı. Bir müddət əvvəl Niderlandın “Herakles” klubuna keçən Armentorrosun Yankoviçlə yolları İtaliyada kəsişib. Belə ki, monteneqrolu SPAL-a məxsus olduğu vaxtda “Krotone”yə icarəyə verilib. 2020/2021 mövsümündə “Qarabağ”ın yeni futbolçusu orada 7, sabiq futbolçusu isə 11 oyuna çıxıb. 




Duşan Vlahoviç 

Hazırda dünyanın ən güclü hücumçularından hesab edilən Duşan Vlahoviç də Yankoviçlə dostdu. İki ilə yaxın əsas komandada birlikdə çıxış edən futbolçuların yolu 2018-ci ildə ayrılıb. Belə ki, Vlahoviç həmin il 1 milyon avro qarşılığında “Fiorentina”ya satılmışdı. 




Andrea Petanya

Yankoviç də İtaliya A seriyasında oyun təcrübəsinə malikdi. Ferreranın SPAL klubunda o, həm A seriyasında, həm də B seriyasında oyunların iştirakçısı olub. Burada isə onun əsas tanınmış komanda yoldaşı hazırda İtaliya millisinin və “Napoli”nin forvardı olan Andrea Petanyadı.




Maksi Lopez

Yankoviç “Krotone”yə icarəyə verildiyi müddətdə “Barselona”, “River Pleyt”, “Milan” klublarında oynamış Maksi Lopezlə də tanış olub. “Qarabağ”lıdan fərqli olaraq argentinalı bu klubda daha çox oyun keçirib. Karyerasını başa vuran veteran forvard 2019/2020 sezonunda adıçəkilən klubun heyətində B seriyasında 14 oyuna 1 qol vurub. 


 

Junior Messias

İndinin özündə də müqavilə ilə “Krotone”yə məxsus olan Junior Messiasın nəyə qadir olduğunu yəqin ki, “Milan” skautlarından əvvəl Yankvoviçin gördüyünü desək, yanılmarıq. Belə ki, "Qarabağ"lı "Krotone"də solaxayla birlikdə çıxış edib. Braziliyalı futbolçu ötən mövsüm icarədə olduğu “Milan”da adından söz etdirməyi bacarmışdı.



Tal Ben Haim

Qurban Qurbanovun bəyənərək komandaya dəvət etdiyi monteneqrolunun birlikdə oynadığı son tanınmış futbolçu isə Tal Ben Haimdi. İsrail millisinin keçmiş kapitanı daha çox “Bolton”, “Çelsi”, “Mançester Siti”də çıxışları ilə tanınır. Yankoviç israilli ilə “Beytar”da birlikdə oynayıb. 


 

Tarix: 25 İyun [20:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio