"Difai"də yeni təqdimat, yeni dönəm - FOTOLAR

22:48 - 30 Avqust 2023

Bu gün futbol elitası şəhərin mərkəzində yerləşən “Sky Hotel”inin konfrans zalında bir araya gəlmişdi.

Sportal.az xəbər verir ki, növbəti mövsümdən Birinci Liqada iştirak edəcək “Difai” FK-nın təqdimat mərasimində iştirak etmək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Peşəkar Futbol Liqası (PFL), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (AGİN) rəsmiləri, eləcə də ölkənin aparıcı media qurumlarının nümayəndələri tədbirə dəvət olunmuşdu.

Mərasimi digərlərindən fərqləndirən əsas cəhət görüşün Azərbaycan Respublikasının Dövlət Himni ilə başlaması və şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması idi.

“Difai” FK-nın prezidenti Asəf Məlikov tədbirin rəsmi hissəsini giriş sözü ilə açıb qonaqları salamladıqdan sonra klubun yaradılmasının məqsədi haqda danışıb:

“Əsas məqsədimiz “Difai” adını yaşatmaq idi və 2018-ci ildə “Difai” İdman Klubu yaradıldı. Əsas idman növləri qılıncoynatma və əlil arabasında qılıncoynatma olub. 2022-ci ildə “Difai” Futbol Klubu yaradılaraq futbol ailəsinə qoşuldu.

Müharibə iştirakçılarını və qazilərini ətrafımızda toplayaraq belə bir klub yaratdığımıza görə xoşbəxtik. 1 il ərzində bizə dəstək olan AFFA və PFL rəsmilərinə, AGİN rəhbərliyinə, eləcə də bütün media işçilərinə təşəkkürümü bildirirəm.

“Difai” FK-nı yaradanda bayrağımızdakı rənglərə xüsusi önəm verdik. Qara - türkçülük etimologiyasında torpaq, ağ - gələcəyimizin uğurlu və işıqlı olacağı, qırmızı - şəhidlərimizin qanının rəmzi olaraq seçilib. Gerbimizdə yalnız qara və ağ rəng olduğuna görə şəhidlərimizin qanına ehtiram hissi olaraq qırmızı rəngi də əlavə etdik.

Öncəki loqodan fərqli olaraq yeni gerbdə 11 ulduz var. Bu, meydana çıxan 11 futbolçumuzun, 11 ulduzumuzun rəmzidir”.

Klub rəhbərinin çıxışından sonra söz PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevə verilib.

Qurum rəsmisi “Difai”nin hər bir azərbaycanlı üçün müqəddəs ad olduğunu xüsusi vurğulayaraq klubda çalışan insanların sağlam ruhlu olduğunu qeyd edib.

Şahgəldiyev bir çox klublarda ciddi kadr problemlərinin olmasına baxmayaraq, “Difai”də bu baxımdan işlərin rəvan getdiyini sözlərinə əlavə edərək sözügedən komandanı ən qısa zamanda Premyer Liqada və avrokuboklarda iştirak edəcəyinə inandığını dilə gətirib.

Tədbirin davamında klubun himni Azərbaycan Respublikasının Əməkdar artisti Elşən Rüstəmov tərəfindən səsləndirilib.

Döyüş meydanından yaşıl meydana

Çempion olmağa gəlib “Difai”

Tarix yaşadaraq tarixi yazan

Fədai ordusu bizim “Difai”

Çempion olmağa gəlib “Difai”

Əlində qılıncı, ayaqda topu

Rəqibə şans verməz bizim “Difai”

Çempion olmağa gəlib bizim “Difai”

Çempion olmağa layiq “Difai”

Hədəfi uğrunda sədləri aşar

Adı ürəklərdə daimma yaşar

Çempionluq sənə yaman yaraşar

Daim zirvələrdə, daim irəli

Çempion olmağa gəlib “Difai”

Daha sonra tərəflər arasında sponsorluq müqavilələri imzalanıb.

Məlum olub ki, “City Hospital” “Difai”nin əsas tərəfdaşlarından olacaq. “Kapital Security” isə komandanın ev oyunları zamanı asayişin bərpa olunmasında öz köməkliyini göstərəcək. Hər iki şirkət kluba təmənnasız xidmət edəcək.

Yeri gəlmişkən, mərasimdə “City Hospital”ın rəhbəri Bayram Qorçiyev, eləcə də “Kapital Security”nin nümayəndəsi Fuad Nəcəfov iştirak edib.

Qonaqların ürək sözlərinin bitmədiyi tədbirdə AFFA və AGİN rəsmiləri də növbə ilə çıxış edərək “Difai” haqda ən xoş sözlər səsləndiriblər.

Ardınca komandanın ev və səfər oyunları zamanı istifadə edəcəyi formalar təqdim olunub. Xüsusi dizaynla hazırlanmış formalarda klubun gerbindəki rənglər öz əksini tapıb.

Mərasimin sonunda bütün iştirakçı qonaqlara müxtəlif hədiyyələr təqdim olunub ki, klubun fəaliyyətini ən yaxşı şəkildə işıqlandıran “Sportinfo”ya da pay düşüb.

Yekunda hər kəs çay, kofe, şirniyyat masasına dəvət olunub.

(Sportinfo.az)


Xəbər xətti