Qazaxıstanda legioner limiti ləğv olundu, biz də onların yoluyla gedək? - "Premyer Liqada 16-18 komanda olsa..."

14:33 - 13 Yanvar 2024

Qazaxıstan Premyer Liqasında 2024-cü il mövsümündən legionerlərə olan limit ləğv olunub.

Bunu Qazaxıstan Futbol Federasiyasının prezidenti Adlet Barmenkulov deyib. 

Lakin meydanda eyni anda 11 əcnəbi yer ala bilsə də, sifariş ərizəsində 25 futbolçudan 13-ü yerli olmalıdır. Məlumat üçün vurğulayaq ki, ötən mövsüm meydanda 7, sifariş ərizəsində isə 8 əcnəbi ola bilərdi. 

Mövzu ilə bağlı futbol eksperi Aslan Kərimovla əlaqə saxladıq. Sportal.az saytına danışan Aslan bəy Qazaxıstan çempionatında klub sayının çox olmasının limitin ləğvinə imkan verdiyini bildirdi:

"Bütün ölkələr artıq buna doğru gedirlər. Limiti saxlamaqda əsas məqsəd yerli oyunçulara imkan verməkdir. Amma bu, müvəqqətidir. Artıq yerli futbolçular da legionerlərlə rəqabət aparmağı bacarmalıdır. Nə vaxt ki, rəqabət olur, onda limitdən imtina edirsən. Kim kimi istəyirsə, gətirib oynatsın. 

Qazaxıstanın Rusiya çempionatında oynayan futbolçuları var. Hesab edirəm ki, onlarda limitin ləğv edilməsinə imkan yaradan amillərdən biri klubların sayının çox olmasıdır. Ola bilər ki, bəzi klublar xeyli sayda legioner transfer edəcək, bəziləri isə yerlilərlə davam edəcək. Belə qərarı daxili çempionatı, futbolçuları tanıyıb verməlisən. Açığı, bilmirəm bu, Qazaxıstan üçün nə dərəcədə uğurlu addımdır. Mənim üçün araşdırmadan nəsə demək çətindir. Mənə elə gəlir ki, büdcəsi yaxşı olan klublarda yerli oyunçular çox şans qazanmayacaq.

Klub sayı az olduğu halda bizdə limiti ləğv etmək hələ tezdir. Nə vaxt Premyer Liqada 16-18 komanda olsa, biz də bu addımı ata bilərik".

Elçin Əlixan

Xəbər xətti