Yola davam - "Qarabağ" Liqa mərhələsinə öz hücumçularımızla gedir

14:45 - 3 Sentyabr 2025

"Qarabağ" azarkeşləri sevinirlər, amma bir qədər də pərişandılar. 8 illik aradan sonra Çempionlar Liqasında əsas mərhələ həyəcanı yaşayacaqlar. Möhtəşəm hissdir. Eyni zamanda təcrübəli hücumçunun transfer edilməsini də istəyirdilər, lakin olmadı, azarkeşlərin gözü yolda qaldı... Dünən gecə sifariş ərizəsi UEFA-ya göndərildi, hücumçu məsələsi qapandı. 

Anlaşılandı, azarkeşlər həmişə maksimumunu gözləyir, tələb edir. Əslində, elə Qurban Qurbanov da bunu istəyir. Heyət nə qədər güclənsə, Qurban Qurbanovun da bir məşqçi kimi əli güclü olacaq. 

Amma futbolun öz reallıqları var. Klub bəzən azarkeşlərin narazı qalacağını bilə-bilə emosiyalara yol verməyib, hisslərə qapılmayıb, peşəkar davranmaq məcburiyyətində qalır. "Qarabağ"ın elə özəlliyi də məhz bundadır. 15 il əvvəl Premyer Liqamızda imkanlı klubların "at oynatdığı" vaxtda "Qarabağ" təmkinli davranaraq daha düzgün inkişaf yolunu seçmişdi. Elə buna görə də, vaxtıkən milyonları havaya sovuran o klubların əksəriyyəti yoxdur, amma "Qarabağ" var. Özü də ən yüksək səviyyədə mövcuddur. 

"Qarabağ"ı Liqa mərhələsində çətin oyunlar gözləyir. Bir-birindən güclü rəqiblərlə qarşılacaqlar. Bunu rəhbərlik də yaxşı bilir, Qurban Qurbanov da. Təcrübəli hücumçunun alınması çox vacib idi. Amma "Qarabağ" Liqa mərhələsinə düşməklə yalnız oyunuyla yox, həm də qazancı ilə digər klubların diqqətini çəkib. Başqa vaxtda məsələn, 5 manata ala biləcəyi futbolçunu indi 5-6 qat bahasına deyirlər "Qarabağ"a. Çünki bilirdilər ki, vaxt "Qarabağ"ın əleyhinə işləyir, düşünürdülər ki, vəziyyətdən istifadə eləyib baha satış həyata keçirə biləcəklər. 

"Qarabağ"ın iki yolu var idi. Ya azarkeşləri məmnun etmək üçün hər hansı bir hücumçunu real qiymətindən 4-5 dəfə bahasına alıb gətirməyi seçməliydilər. Ya da indi hücumçu transferinə "stop" qoyub, qışda bu mövzuya qayıtmaq variantına getməliydilər. "Qarabağ" ikincini seçdi. Əldə olan maliyyədən daha səmərəli istifadə yoluna üstünlük verdilər. 

Reallıq həm də odur ki, "Qarabağ"ın potensialı Liqa mərhələsində ən yaxşı halda 5-6 xal toplamağa imkan verir. Heç 4-5 milyon avroluq hücumçü gəlsə belə, bu reallıq dəyişən deyil. Amma indi həmin pula qənaət etməklə ya qışda, ya da gələn yay transfer dönəmində daha səviyyəli hücumçu gətirmək olar. "Qarabağ"ın Liqa mərhələsində böyük hədəfləri yoxdur, real deyil hədəflərin qoyulması. Amma yaxşı heyət formalaşdırıb gələn mövsüm də Çempionlar Liqasında Liqa mərhələsinə düşmək mümkündür. Ona görə də "Qarabağ" hədəfə doğru səbirlə, təmkinlə, daha düzgün yolla getməyi lazım bilir.

Həmid

Xəbər xətti