Xal qazandı, amma "xala xətrin qalmasın" danışmadı - Rəşad Eyyubov limitlə bağlı duruma izah verdi

14:36 - 26 Sentyabr 2026

Rəşad Eyyubovun U-21 millisinə baş məşqçi təyinatına lap başdan skeptik yanaşmışam. Ona qədər çalışan yerli mütəxəssislərdən Samir Əliyev, Ayxan Abbasovun Premyer Liqa təcrübəsi olub, futbolda görüb-götürərək gəliblər bu posta. Heç yerdə baş məşqçilik praktikası olmayan Eyyubova göstərilən etimad həm təəccüblü, həm də riskli gəlmişdi mənə. Yanaşmam belədir. Bəlkə də yanlış düşünürdüm/düşünürəm. 

Rəşad Eyyubovla heç bir ədavətim yoxdur, ola da bilməz. Əksinə, "Sabah"da bir yerdə işləmişik. Mən idman direktoru, o da futbolçu kimi. Çox peşəkar, intizamlı xarakterə malik adam kimi qalıb yaddaşımda. Məşqçi olaraq da üzərində çalışan, yeniliklərə açıq mütəxəssis kimi xarakterizə edilir. 

Dünən U-21 millimiz növbəti xalını qazanıb. Səfərdə 5 cavasız qol yediyimiz Çexiyanı evdə 1 xalla barışmağa vadar elədi gənclərimiz. Yığmamız buna qədər Rəşad Eyyubovun rəhbərliyi altında Cəbəllütariq üzərində qələbə, Şotlandiya və Bolqarıstanla heç-heçə etmişdi. Amma məşqçi işinin ilk dəfə qabarıq göründüyü oyun Çexiyaya qarşı oldu. Bəzən müdafiədə boşluqlar versə də, millimiz sona qədər intimazlı oynadı. Xüsusən yüksək mental hazırlıq səviyyəsi hesabına güclü rəqiblə oyundan xal çıxara bildilər. Azərbaycanın 7 xalı oldu. 6 komandalı qrupda yalnız xalı olmayan Cəbəllütariqdən qabaqdayıq. Reallıqla barışmalıyıq. Ən azından keçirdiyimiz 8 oyunun 5-dən xalla ayrılmağımızla təsəlli tapa bilərik. 

Oyundan sonra Rəşad Eyyubova Premyer Liqamızda legioner limiti (olmaması) ilə bağlı sual verilib. Eyyubov mövcud reqlament üzündən yerli uşaqların oyun praktikasından əziyyət çəkməsini qeyd edib. Amma buna rəğmən istənilən limitə qarşı olduğunu, kim güclüdürsə onun oynamalı olduğunu deyib. Bravo, Rəşad bəy! Qarşıdakı mümkün uğursuzluqlara nə səbəb, nə bəhanə. İnkişaf yalnız həqiqətlərin gözünün içinə dik baxmaqla olur. 15 ildir imtiyazlı yerli futbolçular oynayıb və heç vaxt sanballı yığmalarımız olmayıbsa, daha 15 il eyni səhvləri etmək doğru deyil. 

Emin Abbasov

Xəbər xətti