Rövnəq Abdullayev sponsoru olduğu federasiyadan nümunə götürsün: Gürcüstan futbolunu kimlər idarə edir? YAZI

Pulumuz var, amma...

 

Nəhayət, Azərbaycan futbolu Berti Foqtsdan qurtuldu. Arxaya dönüb Foqtslu illərə baxanda görürsən ki, adam futbolumuza heç nə vermədi. 5, 7, 9 xal... Xalları boş verin və əmin olun ki, hələ 10-11 xal yığacamız vaxtlar da olacaq. Biz Foqtsdan iş gözləyirdik. Ancaq səriştəsiz alman nə bir oyun sistemi ortaya qoydu, nə də sabit heyət qurdu. Adam konkret yola verdi Azərbaycanı. Əvəzində hər zaman şikayət etdi: uşaq futbolu yoxdur, infrastruktur yoxdur və s. Foqtsa başa salan olmadı ki, bunları sənsiz də bilirik və səni Rövnəq Abdullayevə müşavir gətirməmişik, sən baş məşqçisən. Hə, problemlər varsa, heç nə edə bilməyəcəkdinsə, çıxıb gedərdin. Barı, milyonları niyə verirdik sənə? Məsləhətçi funksiyasını yerinə yetirmək üçün daha ucuz məbləğə adam tapardıq. Nə isə...

 

Berti Foqts problem deyildi. O, xəstəliyə düçar olmuş Azərbaycan futbolunun bədxassəli şişi idi. Şişi kəsdilər, xəstəlik isə hələ də davam eləyir.

 

Bir baxın, Azərbaycan futbolunun başında kimlər dayanıb? Rövnəq Abdullayev, Rauf Əliyev, Elşad Nəsirov, Elxan Məmmədov və Ramin Musayev. Bu insanların heç biri futbol adamı deyil və müsahibələrindən də görünür ki, futboldan uzaq adamlardılar.

 

Nə qədər qəribə səslənsə də, indiki durumda AFFA-ya Rövnəq Abdullayevin rəhbərlik etməsi futbolumuz üçün sərfəlidir. Çünki o, həm də AFFA-nın sponsoru olan SOCAR-ın rəhbəridir. Əgər ona bu işdə peşəkarlar yol göstərsəydi, Rövnəq Abdullayevin səxavəti ilə çox işlər görmək olardı. Həm də, indiki durumda onu bu sahədə əvəzləyəcək məmur yoxdur.   

 

Dövlətdə kifayət qədər nüfuzu və təsir imkanları olan Rövnəq Abdullayevin yanında mütləq bir neçə futbol adamı olmalıydı. Bu gün AFFA-nın vitse-prezidentləri Elşad Nəsirovla Rauf Əliyev yox, İsgəndər Cavadovla Tahir Süleymanov və ya bir başqaları olmalıydı. Bu təqdirdə, baş katib Elxan Məmmədovdan da bəhrələnə biləcəkdi Azərbaycan futbolu. Məmmədov strateq kimi effektiv olmasa da, idarəçi kimi futbol adamlarının ideyalarını müasir şərtlərə uyğun həyata keçirərdi.

 

Rövnəq Abdullayev heç olmasa onun pulu ilə dolanan Gürcüstan Futbol Federasiyasına baxsın. Qurumun prezidenti Zviad Siçinava da Rövnəq bəy kimi futbola klub prezidenti kimi gəlib və sonradan federasiya rəhbəri olub. Ukraynada radioelektronikanı öyrənib, daha sonra Abxaziya Universitetində İqtisad fakultəsini bitirib, Moskavada Teatr direktoru olub. Bir sözlə, o da futboldan uzaq olub. Ancaq federasiya rəhbəri kimi işə başlayanda, o, Rövnəq Abdullayevdən fərqli davranıb.

 

Özü futbol adamı olmasa da, ətrafına bu sahənin adamalarını yığıb. Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Aleksandr Çivadzedir. Bu isim SSRİ-nin futbol azarkeşlərinə yaxşı tanışdır. 1980-ci ildə SSRİ-nin ən yaxşı futbolçusu olub. “Dinamo”nun (Tifis) heyətində 1981-ci ildə Kuboklar Kubokunu qazanıb. Bir sözlə,Gürcüstanın futbol əfsanəsi. 

 

GFF-nin baş katibi isə Revaz Arveladzedir. Onu daha çox məşhur Şota və Arçil Arveladzelərin qardaşı kimi tanısaq da, Revaz özü də futbolçu olub. Düzdür, onun karyerası qardaşları kimi parlaq olmasa da, Almaniya, Belçika futbol çempionatlarında çıxış edib, milli komandanın şərəfini qoruyub.

 

İki ölkə futbolu arasındakı fərqlərdən biri də, Nəsirov-Əliyev cütlüyündən, Çivadze-Arveladze cütlüyünə qədər uzanan yoldur!

 

Emin ABBASOV

Tarix: 17 Oktyabr [14:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyun 2020
1  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio