Qalanın içindəkilər – “Əlincə”nin perspektiv vəd edən uşaq futbolu LAYİHƏ

Azərbaycanda uşaq futbolunun durumu ilə bağlı layihəmiz çərçivəsində bu dəfə heç də kənara çıxmayacağıq. Daha doğrusu əsas bazası Masazırda yerləşən “Əlincə” futbol klubundan söhbət açacağıq. 

 

Əslində, yeni yarananda sıradan bir klub olacağı, baş girələmək üçün orda-burda məskən salacağı və bu şəkildə həyata davam edəcəyini düşünənlər çox idi. Amma klub prezidenti və təsisçisi Hacı Məhərrəm Novruzov heç də bu kimi düşüncələrin düzgün olmadığını sübut etdi. Baxın, bir klub üçün ən vacib olan onun bazası və komanda saxlamaq üçün şəraitinin olmasıdı. “Əlincə” də bunların hamısına sahibdi. Əslində qısaca tanışlıq yaxşı olardı...

 

Kiçik qeyd

 

 

Xatırladaq ki, klub 2010-cu il aprelin 5-də “Bağçalı Evlər” MTKnın rəhbəri Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilib. Adının mənası Naxçıvandakı Əlincə qalası ilə bağlıdır. Klubun akademiyası Masazır kəndi, Novxanı şossesi ərazisində yerləşir. Ancaq rəhbərliyin diqqət və qayğısı nəticəsində qısa müddətdə klubun bazası genişləndirilmiş, AFFA-nın bayrağı altında keçirilən çempionatlarda iştirak üçün lisenziya almışdır. Hal-hazırda klubun tərkibində futboldan əlavə digər idman növləri də var ki, bunlardan, voleybol, karate, üzgüçülük və sair nümunə göstərmək mümkündü. İnfrastruktura gəlincə, 2 üstüörtülü, 4 üstüaçıq süni, 2 təbii örtüklü və bir futzal olmaqla 9 stadionu var. Əlavə olaraq futbolçuların daimi yaşaması üçün ikimərtəbəli mehmanxana, yeməkxana, restoran, trenajor zalı, üzgüçülük hovuzu, sauna da fəaliyyət göstərir. Təkcə stadion kompleksinin tərkibinə 4 kiçik yardımçı, 5000 nəfərlik süni örtüklü və Masazır qəsəbəsinin "Qurtuluş 93" yaşayış kompleksində yerləşən 13 min yerlik təbii ot örtüklü meydança daxildi. Bundan əlavə Şabran rayonunda böyük futbol məktəbi və 4 təbii ot örtüklü müasir standartlara cavab verən stadion da istifadəyə verilib. Eyni zamanda futbolçuların və qonaqların qalması üçün koteclər, o cümlədən otel də var. Əlbəttə bütün bunlardan sonra klubun diqqət çəkməsi heç də təəccüblü deyil. Hətta Premyer Liqa komandaları da hazırlıq dönəmlərində bəzən bu stadiondan icarə əsasında yararlanırlar. Göründüyü kimi bütün şəraitə malik olan “Əlincə”nin yeganə çatışmayan cəhəti nəinki Premyer Liqada, heç birinci divizionda da komandasının olmamasıdı. Amma bu klubda uşaq futbolunun inkişafına o qədər də ciddi təsir göstərmir. Əlbəttə, böyük futbolu olsa bunu daha çox köməyi dəyər, amma...


“Çətinliklərimiz uşaq barəsindədi”

 

 

Bəs “Əlincə”nin uşaq futbolunda hazırkı durum necədi? Hazırlıqlar hansı şəkildə aparılır, məşqlər necə keçilir? Təbii ki, bu suallara cavab tapmaq üçün klubda çalışan məşqçi Asif Abbasovla danışdıq. Asif bəy bizi durumla tanış etməklə yanaşı digər suallarımıza cavab verdi, çatışmazlıqlardan da danışdı: “Hazırda 2005 təvəllüdlü yaş qrupundan ibarət uşaqlara məşq keçirəm. Qrupda demək olar kənardan gələn yoxdu. Hamısı Masazırdan topladığımız uşaqlardı. 15-18 nəfər toplayıb, komanda formalaşdırmışıq. 1 il 4 aydı ki, burda çalışıram. Keçən il zəif çıxış etmişdilər, 15  iştirakçının içində 7-ci yeri tutmuşduq, amma indi normal komandamız var. İndi yarışlar 10-luq sistemi ilə keçirilir ilk “10-luq”dayıq. Çempionat davam edir. Hazırlıqlarımız da pis deyil, məşqlər gedir. Uşaqlarda irəliləyiş var. Uşaq futbolu üçün burda hər cür şərait var. Əvvəl “Bakı”da çalışırdım. Demək olar ki, hazırda Azərbaycanda ən yaxşı şəraitə malik klublardan biridi. Süni və təbii, üstüaçıq, o cümlədən qapalı meydançası var. Çətinliklərimiz uşaq barəsindədi. Məsələn, 2005 təvəllüdlü qrupuda elə uşaq olur ki, boylu-buxunludu, sadəcə üzərində işləmək üçün vaxt lazımdı. Amma topla davranışı “0”- a bərabərdi. Onu gətirib uşaqların içərisinə salanda, istər-istəməz məşq prosesi pozulur. Düzdü uşaq çoxdu, amma çempionata çıxarası səviyyədə olanlar azdı. Ancaq çalışsan ilyarıma yaxşı komanda yığmaq olar. Mən də komandanı yeni formalaşdırmışam. Getdikcə yaxşılaşırlar. 3-4 nəfər var ki, hətta komanda dağılsa belə onlar klublara gedib oynaya biləcəklər. Klublardan bizim uşaqlara maraq çoxdu. Amma versəm komanda olmaz. Amma indidən danışıqlar gedir ki, məsələn sabah komanda olmasa bəzi uşaqları o klublar götürəcək. Hardasa 6-7 uşağı adlı-sanlı klublarımız istəyir. Amma komandanın özəyi olduğu üçün onları verə bilmirəm. Həmin uşaqları üzə çıxarmaq üçün xeyli əziyyət çəkmişəm”.

 

“Uşaq özündən böyüklərin yarışında 5 dəqiqə də oynasa onun üçün təcrübədi”

 

 

Təbii ki, bu cür şəraiti olan komandanın hazırlıqları da digərlərindən fərqlənməlidi. Ən azı xaricə olmasa da başqa bölgələrə gedib uşaqlara toplanış keçmək mümkündü. “Əlincə”də isə bu proseslər belə aparılır: “Hazırlıqları ölkə daxilində, öz bazamızda keçirik. Bundan əlavə bilirsiz ki, Şabranda da bazamız var. Artıq hazırdı. Sağ olsun rəhbərlik bir neçə dəfə göndəriblər ora. Uşaqlar məşqlərini keçib, yeməklərini yeyib qalırdılar. Məşq prosesi isə əsasən Masazırda keçirilir. Orada yataqxanamız, yeməkxanamız da var. Rəhbərliklə bağlı problem yoxdu. Nə deyirik yerinə yetirirlər. Komandanı inventar və digər ləvazimatlarla təmin edirlər. Sovetin vaxtında Azərbaycanda yalnız “Neftçi” vardı, hansı ki, indi bazası yoxdu. İndi də “Qarabağ” bir qədər fərqlənir. Amma onun da aşağı yaş qrupları ayrı-ayrı stadionlarda məşq keçirlər. “Əlincə”də isə belə deyil. Uşaq futbolu üçün ideal şəraitə malikdi. Sırf stadionun daxilində ikimərtəbəli mehmanxanası, hovuzu, trenajor zalı var, hamısından istifadə edirik. Martda tətil olanda 3-5 gün yığıb təlim-məşq toplanışı keçəcəm. Daha böyük yaşda komandaların olmaması çatışmazlıqdı. Özlərindən bir yaş böyüklərlə oynasalar daha yaxşı olar, artım müşahidə edilər. Yəni, belə sistem formalaşır. Uşaq özündən böyüklərin yarışında 5 dəqiqə də oynasa onun üçün təcrübədi. Bu mənmada çətinlik çətirik. Amma bu ildən Masazırda komanda yaradıb, birinci divizionda iştirak etmək istəyirlər. “Region Liqa”sında iştirakla bağlı isə danışıq olmamışdı. Yəqin ki, belə məsləhət görüblər. Rəhbərlik ehtiyac olsaydı komanda yaradardı və məni də məşqçi kimi dəvət edərdi. Bizdə hazırda ən böyük yaş qrupu 2005 sayılır, yəni U-13. Bir də 2006, 2007 yaş qrupu var ki, bunlar qarışıqdı. 2007-lər də Respublika çempionatında iştirak edir, yaxşı uşaqlardı. Kiçik yaş qrupuna tələbat çoxdu. Seçib götürmək olar. Amma bir qədər böyüdükcə problemlər üzə çıxır. Rəbərlik razı olsa avtobus təşkil edib Bakıdan da uşaq toplamaq olar. Düzdü bəzən olur ki, kimsə gətirir uşağı baxmağı xahiş edir. Baxıram, çatışmazlıqlar olanda götürmürəm. Vaxt olarsa 5-6 ay əvvəldən götürüb hazırlaşdırmaq olar. Bir qapıçı və 4-5 oyunçunu məhz bu yolla tapmışıq. İdman dərslərinə gedib izləyirik. Topla rəftarı yaxşı olanları məşqlərə cəlb edirik. Masazırda uşaq axtarıb tapmağa məcbursan”.

 

 

“Baxsaz görərsiz ki, birinin qarnı yekədi, biri tökülür”

 

Son illərdə uşaq futboluna maraq hansı səviyyədədi? Mütəxəssis bu sualımızı belə cavablandırdı: “Maraq var amma məşqçilərin çoxu aşağı səviyyədədi. Baxırsan ki, uşaq futbolunu uşağa verə bilmirlər. Amma elə danışırlar ki... Məşqçilik o deməkdi ki, sən öyrətməlisən. O, ötürməni səndən öyrənməlidi. Aşağı yaş qrupundan ibarət liqalar “Dalğa Arena”da keçirilir. Gəlib baxsaz görərsiz ki, birinin qarnı yekədi, biri tökülür, digərinin əlində siqaret və sair. Uşaq ondan nə götürsün? Danışanda deyirlər ki, özündənrazılıqdı. Amma fakt reallıq budu. Ona görə də uşaqlar 14-15 yaşında 2 metrdən ötürmə edə bilmir. Yaxud baxırsan ki, yığma üzvüdü 10 metrdən ötürmə verməyi bacarmır. Uşağın təməlin yaxşı qoymalısan. Yığma məşqçisi ona ötürmə vermək yox, taktika öyrətməlidi. Çünki vaxt məhdudiyyəti var. Belə davamiyyətlə futbolumuz getdikcə aşağı səviyyəyə düşəcək. Çünki məşqçilərin çoxu futbol oynaya bilmirlər”.

 

Yeri gəlmişkən bir çoxlarından narazılıq edən Asif bəylə də yaxından tanış olduq. Karyerasını qısa da olsa öz dilindən incələdik: “Bakı”da oynamışam. Əvvəl adı “Dinamo” idi. 1 il “Qarabağ”da çıxış etmişəm. 4 il isə 16-20 yaşlılarda kapitan sarğısını daşımışam. Amma əsas yığmada oynamamışam. Nə mane olub? Çağırmayıblar, yəqin ki, rəqbətdə də uduzmuşam. Zaur Tağızadə, Elçin Rəhmanovla bir yerdə oynamışam. Hamsı yığma üzvləri idi. Əsasən "Bakı"da çıxış etmişəm. Demək olar ki, bu klubda bütün titulları götürmüşəm. 3-cü, 2-ci yer, Avroliqa, Azərbaycan kubokunun qalibi olmuşam. Özü də biri var ehtiyatda oturmaqla bunu edəsən. Amma mən oynamaqla götürmüşəm bütün titulları. Hazırda 7 futbolçum U-19-da oynayır. Bundan əlavə “Qarabağ”da, “Neftçi”də, “Səbail”də də tələbələrim var. Hamısının üzərində çox əziyyətim olub. Gedib soruşsaz, ilk məşqçiləri kimi məni göstərəcəklər. “Əlincə”yə də “Bakı”dan gəlmişəm. Orda 2000 təvəllüdlü futbolçulara baxırdım. 2 il ardıcıl çempion olmuşam. AFFA-nın tərkibində “Elit Kubok”u keçirilirdi, o kuboku götürmüşəm. O vaxt “Atletiko” ilə müqaviləyə əsasən bizi 15 gün müddətinə İspaniyaya göndərmişdilər. Daha sonra “Əlincə”yə gəlmişəm. Hazırda orda İsgəndər Cavadovun akademiyası fəaliyyət göstərir. Həmin məktəbdən də mənə təklif gəlmişdi. Sağ olsun Yaşar müəllim dəvət etmişdi. Amma maaş çox aşağı idi. Elə yolpulumu ancaq görəcəkdi. Açıq danışım, mənim də ailəm var. Hamı çörəkpulu üçün çalışır.
Məşqçilik kateqoriyalarından “C” varımdı. Martın 15-dən “B”ni oxumağa gedəcəm. Amma bəzi “A” kateqoriyasına malik olanlar var ki, onu necə aldıqlarını bilmirəm. Çünki ardıcıl 2-3 məşq keçə bilmirlər. Necə alıb öz problemidi. Hazırda Premyer Liqa komandalarından təkliflər gəlmir. Yalnız “Zirə” istəmişdi, amma mən bu uşaqları çempionat vaxtı atıb gedə bilmərəm. Gələn il “Əlincə”də qalmasam, yəqin ki, başqa variantlara baxacam”.

 

“Əmisi, dayısı zəng vurub tapşıranda, həmin uşağı oynatmırdım”

 

Mütəxəssis Azərbaycanda uşaq futbolundakı problemlərdən də danışdı. Onun fikrincə yaxşı futbolçular yetişdirməyə mane olan amillərdən ən əsası baza çatışmazlığıdı: “Uşaq futbolunda baza olmalıdı. Birinci divizionda 14, Premyer Liqada 8 komanda çıxış edir. Həmin 8 komandanın hamısında “Bakı”nın yetirmələri var. Nəyə görə? Çünki bazada 50-60 uşaq saxlayırdılar. Baza olmasa yaxşı uşaqlar yetişməz. Olsa da tədricən, xeyli müddət lazım olacaq. Sırf məşçinin gözünün qarşısında olması yaxşıdı. Biz “Bakı”da belə işləyirdik, demək olar ki evə getmirdim. Hansı uşaqda nə çatışmazlıq varsa, düşürdüm meydançaya onun üzərində işləyirdim. Zəif cəhətlərini gücləndirməyə çalışırdıq. Halbuki “Qarabağ”da uşaqların yarısı “Sərhədçi”də, yarısı “Gənclik”də məşq keçir. Hansı ki, hazırda ən bərkgedən klubumuzdu. Amma bazası yoxdu, əsas komanda üçün “Azərsun Arena”nı tikiblər. Bəs uşaqlar? Yaxşı uşaqlar birlikdə olmalıdı. 15 gün “Atletiko”nun bazasında oldum. Dəhşətə gəlirsən. 14 yaşlı uşaq qarşısına məqsəd qoyub ki, 18 yaşa çatanda “Atletiko”nun əsas və əvəzedici heyətində oynamalıyam. Özü də uşaq bazada qalır. Bir müəllimə 12 nəfər futbolçu düşür. Futbol budu, gedişat belə olmalıdı. Yoxsa bizdə onun-bunun tanışı, nə bilim daha nələr... Biri deyir mənim oğlum futbolçu olmalıdı. Mən nəyə görə çempion oldum? Kiminsə əmisi, dayısı zəng vurub tapşıranda, həmin uşağı oynatmırdım. Amma indikilər fikirləşirlər ki, “məni işdən qovarlar”, yaxud “Filankəsin xətrinə oynadım...”, belə olmur axı. Problemlərimiz çoxdu. Bir də AFFA kateqoriyanı kimə gəldi verir. Ona görə də bu gündəyik. Futbol oynayanla, oynamayana limit qoyulmalıdı. Futbolçu qala-qala hakimə kateqoriya verirlərsə... Çox danışmaq olar”.

 

Nə məcburdu yalan danışmaq?

 

Hər halda Asif bəyin dediklərindən belə qərara gəlmək olar ki, Azərbaycanda hələ də “tapşırıq”, “day-day” məsələsi gündəmdədi. Özü də əvvəlkindən heç də az deyil. Hə o da düzdü ki, kiminsə əlində səlahiyyət varsa, bundan maksimum yararlanmağa çalışır. Ya işi bacarmayan yaxınını işə götürür, ya da “səni belə edərəm...” şəklindəki qorxu dolu “enerji”ni kiməsə ötürərək onu “zəhərləyir”. Halbuki hər dəfə “yuxarılar” şəffaflıqdan danışanda bu söhbətlərin olmadığnı dəfələrlə, utanmadan dilə gətirirlər. Axı, nə məcburdu yalan danışmaq? Niyə istedadlı uşaq kənarda qalmalı, onun əvəzinə kiminsə tapşırığı ilə başqası oynamalıdı? Yəni görünən odur ki, bu cür problemlər heç də həllini tapmayıb və ən yüksək səviyyədə davam edir. Qeyri-rəsmi də olsa buna dair kifayət qədər arqumentlər var. Biz isə yazımızı hələlik burda yekunlaşdırırıq. Nə deyəsən axı?...

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşir”

Həmid

 

Tarix: 9 Mart [03:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2018
23  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio