Tərlan Əhmədovun qovduğu futbolçunu Zaur Axundov qaytardı ÖZƏL

23:29 - 24 Yanvar 2019

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov komandanın baş məşqçisi Tərlan Əhmədovun işinə müdaxilə edir.

 

Sportal.az saytının məlumatına görə, çalışdırıcının transfer siyasətinə mane olunur. Əhmədovun istədiyi futbolçuların kluba keçidi baş tutmur. Bundan əlavə, 47 yaşlı mütəxəssis mövsümün ikinci yarısı üçün heyətdə Samba Diallo Quydileyeni görmədiyi üçün ona yeni klub tapmağı tapşırıb. Mövsümün gedişində paytaxt klubuna gələn Mavritaniya millisinin üzvü məsələ ilə bağlı Zaur Axundovu bilgiləndirib. Müşahidə Şurasının sədri isə 29 yaşlı futbolçuya "Səni klubdan məndən başqa heç kəs göndərə bilməz, məşqlərinə davam et" deyib. Bu səbəbdən də Diallo "Keşlə"nin Antalya toplanışında iştirak edib.

 

Maraqlıdır ki, Tərlan Əhmədov Sambanı kluba yeni gəldiyi günlərdən gələcək planlarında görməyib. Çempionatın gedişində oyunların birindən öncə təcrübəli çalışdırıcı Dialloya iştirak ərizəsində yer almayacağını bildirib. Mavritaniyalı futbolçu isə məsələni Zaur Axundovla həll edib və Premyer Liqa matçının start heyətində yer alıb. 

 

Qeyd edək ki, Samba Diallo karyerası ərzində Fransanın "Nansi”, "Şatoru”, "Trua” və "Brest”, eləcə də Kiprin AEL, Türkiyənin "Gənclərbirliyi" komandalarında oynayıb.

Xəbər xətti