"Ağsu"nun baş məşqçisi: "Diviziona limit qoymaq düzgün deyil" MÜSAHİBƏ

14:54 - 27 Yanvar 2019

I Divizionda mübarizə aparan "Ağsu" klubunun baş məşqçisi Rüfət Quliyev Sportal.az saytına müsahibə verib.

 

- Komandanın II dövrəyə hazırlığı necə gedir?

- Yanvarın 5-dən toplanmışıq. Hazırlığı iki mərhələli etdik. İlk mərhələdə fiziki hazırlıqlara, ikinci mərhələdə isə toplu çalışmalara və yoldaşlıq oyunlarına üstünlük verdik.Artıq toplanışı bitirmişik. "Zirə-2" ilə oyunun hazırlıqlarına başlayacağıq.

 

- Yoxlama oyunları keçirsmisinz?

- Dörd yoxlama oyunu nəzərdə tutmuşduq. "Kəpəz"lə oyun müəyyən səbəblərdən alınmadı. "Sabah-2" üzərində 2:0 hesablı qələbə qazandıq. Region Liqa təmsilçiləri ilə iki oyun keçirdik və qalib gəldik.

 

- Komandaya transferlər edilib?

- Səkkiz futbolçu ilə yolları ayırdıq və əvəzinə beş oyunçu aldıq. Limitlə bağlı problemlərimiz var idi. Buna uyğun transferlər etdik.

 

- Limitin tətbiqindən sonra divizionda mübarizə necə səviyyədədir?

- Çempionatın startına beş gün qalmış limit məsələsi ortaya düşdü. Bu baxımdan bizdə çətinlik oldu. Sayı düzəltmək üçün transferlər etdik. Keyfiyyətə yox, kəmiyyətə üstünlük verdik. Onlardan da ilk dövrədə istədiklərimizi ala bilmədik. Bu da komandanın nəticəsinə təsir göstərdi. Limitlə bağlı narazılığım var. Şəxsi fikrimcə, diviziona limit qoymaq düzgün deyil. Təbii ki, gənclərə də şans vermək lazımdır. Limiti Region Liqasında tətbiq etsələr yaxşı olar. Özlərini göstərəndən sonra onlar üçün divizionda oynamaq şansı yaranar. Limit I Divizionun səviyyəsini aşağı salır. Mübarizə xeyli aşağı düşüb, əvvəlki gərginlik yoxdur. Yaxşı olardı ki, bu məsələyə yenidən baxılsın. Limit məsələsini aşağı liqadan götürülsə, daha yaxşı olardı. 17-18 yaşlı futbolçunun istedadı və bacarığı varsa, istər-istəməz ona baş məşqçi divizionda oynamaq şansı verəcək. Say düzəltmək üçün futbolçu götürürük. Ağsu kiçik şəhərdi, bura kənardan gəlmək istəyən azdır. Premyer Liqa klublarının gəncləri isə əvəzedicidən əsas komandaya yüksəlməyi düşündüyü üçün divizionun digər komandalarına keçmirlər.

 

- Yeddi ildir "Ağsu"nu çalışdırırsınız. Komandanı bir dəfə çempion etməklə yanaşı, bir dəfə gümüş medallar da qazandırmısınız. Ancaq klub Premyer Liqada çıxış etmir. "Ağsu" kənardan məqsədi olmayan klub kimi görünür. Komandanın hədəfləri nədir?

- Yeddi ildir ki, bu komandaya rəhbərlik edirəm. Klubun əsas hədəflərindən biri uşaq futbolunun inkişafına təkan vermək və yeni oyunçuların yetişdirilməsinə yardımçı olmaq idi. Bəli, bir dəfə çempion olduq və bir dəfə də gümüş medallar qazandıq. Lisenziyalaşdırma məsələsində problemlər yarandı və elitaya vəsiqə qazana bilmədik. Bu, UEFA-nın qoyduğu şərtlərdir. Aşağı yaş qruplarından ibarət komandalar olmalıdır. İndi yeddi yaş qrupunda "Ağsu"nu təmsil edən komanda var. Bu məsələyə ciddi nəzarət edilir. Mənə isə kənardan təkliflər olmayıb, çalışmışam "Ağsu"da işləyim. Əlbəttə, təklif olsa, düşünürəm. Hər məşqçi istəyər ki, Premyer Liqada çalışsın. Mənim də arzularım var. Gələcəkdə hansısa Premyer Liqa klubunu və ya aşağı yaş qruplarından ibarət milli komandanı çalışdırmaq fürsətim olsa, gedərəm.

 

- "Ağsu"nun futbolçularının oteldən kənarlaşdırıldığı və klubda maliyyə problemlərinin olduğu barədə məlumatlar var. Bu həqiqətdir?

- Xeyli vaxtdır ki, bu suala cavab vermək istəyirdim. Bizdə maaş problemi olmayıb. Yeddi il ərzində belə halla üzləşməmişik. Mükafat düşəndə onu da vaxtında alıblar. Oteldən kənardan qalmaq məsələsi var idi. Sponsorumuz olan "Az-Granata" şirkətinin bir zavodu var idi və bunun ikincisi də açıldı. Xaricdən mütəxəssis gəlib zavodda işlər görməli idi. Həmin əcnəbilərin oteldə qalması üçün bizə müraciət edildi. Biz də bununla razılaşdıq. Futbolçulara ayrılan evlərdə hər bir şərait var. Problem yoxdur. Bu da müəyyən müddətə deyilib. Mütəxəssislər gedəndən sonra otelə dönəcəyik. Bir neçə futbolçu evlə təmin edilib. Böyüdüləsi məsələ deyil.

Xəbər xətti