İki Rəşadın görüşündə tarixi qol necə xatırlandı?

16:05 - 28 Yanvar 2019

Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu gün özünün Feysbuk səhifəsində maraqlı paylaşım edib.

 

Sportal.az xəbər verir ki, paylaşımda Rəşad Məcid hələ 2009-cu ildə “Qarabağ”la Norveç “Rusenborq”u arasında keçirilmiş oyundan öncə baş vermiş maraqlı hadisə haqda qeydlər edib:

 

“Redaksiyaya gəlirdim, təsadüfən Rəşad Sadıqovla rastlaşdım. Sən demə, müsahibə üçün “Qol.az”a gəlibmiş. Görüşdüm və xatırladım, ona da xatırlatdım: 2009-cu il iyulun 23-ü, Ağdamın işğalı günündə “Qarabağ”ın Norveçin “Rusenborq” komandası ilə oyununu. Oyundan bir gün qabaq Aqil Abbasla birlikdə oyunçularla görüşmüşdük. Mən orada demişdim ki, sabah bütün stadion dolacaq, mənim adaşım Rəşad Sadıqov bir qol vuracaq və biz 1:0 udacağıq. Oyun günü də bunu qəzetlər yazmışdı. Dediyim kimi də oldu!!! Səhərisi gün “Yeni Müsavat” qəzetində Xalid Kazımlı “Samir Sarı” imzası ilə “Bir Rəşadın falı, bir Rəşadın qolu” adlı məqalə yazdı. O zamanlar məndən soruşmuşdular ki, bunu necə hiss etdiniz. Demişdim ki, son 15 ildə heç vaxt Allaha bu qədər səmimi qəlbdən, saf, təmənnasız yalvarmamışdım. Sonra Rəşad Sadıqov da müsahiblərində demişdi ki, topun qapıya girəcəyini mən də təxmin eləmirdm. Bu, nəsə başqa cür oldu. “Rusenborq”un qapıçısı isə demişdi ki, o top qapıya girməməli idi, onu külək elədi.)) 10 il qabaq baş verən bu hadisədə mistik məqam indiyədək beynimdə yaşayır. Rəşadla görüşümüzdə bunları ona da dedim. Əlavə elədim ki, həmin gün - Ağdamın işğalının 16-cı ildönümündə sən o qolla yüzminlərlə insanı sevindirdin. Və bu qədər insanı sevindirmək, xoşbəxt etmək missiyası həyatda hər adama nəsib olmur. Məncə, bu, Tanrının Rəşad Sadıqova bəxş etdiyi bir lütf idi!”

 

Xəbər xətti