Samir Abasov: "Bundan sonra tam başqa "Zirə" olacaq"

18:49 - 28 Yanvar 2019

"Toplanış pis keçmədi. Bir az hava şəraiti planlarmıza təsir etdi. Bu da təbii haldır. Buna görə ilk oyunumuz və bəzi məşqlərimiz təxirə salındı. Hər şey istədiyimiz kimi alındı. Razı qaldım".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin baş məşqçisi Samir Abasov deyib. 40 yaşlı mütəxəssis transferlərdən söz açıb:

 

"Axtarışlarımız davam edir. Artıq iki futbolçu ilə bu gün müqavilə imzaladıq. Yeni futbolçular mənim razılığım əsasında heyətə cəlb olunublar. Məcburiyyətdən oyunçu almamışıq. Onların oyunu mənim baxışımla üst-üstə düşüb. Elə futbolçular da olub ki, onları transfer etmək istəmişik, lakin irəli sürdükləri şərtlər bizi qane etməyib. Elə futbolçu da olub ki, Azərbaycanda oynamaq istəmədiyini deyib və təklifi rədd edib".

 

Samir Abasov mövsümün ikinci yarısı üçün hədəflər barədə danışıb: 

 

"Sonuncu yerdə getməyimiz bizi üzür. Bacardığımız qədər nəticə əldə edərək, xallarımızı artırmaq və yuxarı pillələrə qalxmaq istəyirik. Bu isə biz məşqçilər və komandanın oyunundan asılı olacaq. Təslim olmaq fikrimiz yoxdur. Həm kubokda, həm də çempionatda iddiamızı çalışacağıq ki, sona qədər davam etdirək. Bunu futbolçulara da aşılamışıq. Bundan sonra tam başqa "Zirə" olacaq".

 

Qeyd edək ki, "Zirə" qış fasiləsində Bəxtiyar Həsənalızadə, Orxan Sadıqlı, Mfo Kqasvane, İsmail Fofana və Xulio Sezar Rodriqesi transfer edib.

Xəbər xətti