Arif Əsədov: "Təki baş məşqçi seçimində yanılmayaq"

18:37 - 30 Yanvar 2019

"Klublardan real təklif olmayıb. AFFA-da məşqçilərin maarifləndirmə şöbəsində çalışıram. İşlərimi bu yöndə aparıram".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında son olaraq, "Sabah"ın baş məşqçisi olmuş Arif Əsədov deyib. 48 yaşlı mütəxəssis AFFA-dan aşağı yaş qruplarından ibarət milli komandaları çalışdırmaqla bağlı təklif almadığını bildirib:

 

"Belə bir söhbət olmayıb. Bu barədə federasiya rəsmiləriylə danışıqlarımız baş tutmayıb. Əgər belə bir söhbət olsaydı, açıqlayardım. Nə mənə təklif olub, nə də söhbət etmişik".

 

Təcrübəli çalışdırıcı I Divizionda da perspektiv görmədiyi üçün aşağı dəstədə çalışmaq istəmədəyini sözlərinə əlavə edib:

 

"Ötən il "Sabah"ın perspektivi olduğu üçün orada çalışdım. Daha əvvəl isə demişdim ki, I Divizion klublarını çalışdırmayacam. Ancaq "Sabah"da Premyer Liqa perspektivi olduğu üçün işləmək qərarına gəldim. Ancaq bu gün I Divizionun mənzərəsinə baxanda belə perspektiv yoxdur. Əvəzedicilərlə divizion klubları birgə yarışırlar. Üstəlik, limit də var. İnkişaf görmədiyim üçün işləmək istəmərəm. Komandalar istənilən səviyyədə deyil. Əvəzediciləri çıxmaqla başqa klubların gələcəkləri bəli deyil. Klubların Premyer Liqada iştirak edib-etməmək istəkləri məlum olmadığı üçün orada işləməyim çətindir. Təklif olsa da, imtina edərəm, aşağı dəstədə işləmək istəmirəm".

 

Arif Əsədəov U-21 millisinə serbiyalı baş məşqçi Milan Obradoviçin təyinatından da danışıb:

 

"Artıq federasiya bu qərarı verib, buna müsbət yanaşmalıyıq. Yerli də ola bilərdi, ancaq AFFA əcnəbiyə üstünlük veribsə, bununla barışmalıyıq. Obradoviçə də uğurlar arzulayırıq. İndi işi nə dərəcədə aparmağına baxacağıq və görək, komanda necə nəticələr əldə edəcək. Federasiya qərarı veribsə, yəqin ki, belə məsləhət biliblər. Buna da müsbət yanaşıram. Nəticələr də gələcəkdə bilinəcək".

 

Mütəxəssis əsas yığmanın yeni baş məşqçisinin hələ də açıqlanmaması barədə bunları deyib:

 

"Ötən ilin sonunda və ya yanvarın ilk günlərində yığmanın yeni baş məşqçisi bəlli olsaydı, daha yaxşı olardı. Yeni çalışdırıcı təlim-məşq toplanışı keçərdi, futbolçularla tanış olardı. Elxan Məmmədovun müsahibəsində oxumuşdum ki, yaxın günlərdə yığmanın baş məşqçi postuna namizədlər yaxın günlərdə açıqlanacaq. Yəqin ki, həmin baş məşqçinin kimliyi tezliklə bilinəcək. Bir şey qalır ki, gələn yeni baş məşqçi ümidləri doğrultsun və seçimdə yanılmayaq. Təki həmin məşqçi milliyə xeyir versin, milli seçmə mərhələdə uğurlu çıxış etsin. Bunu da zaman göstərəcək".

Xəbər xətti