"Keşlə"ni gülünc vəziyyətə qoyan transfer Dərgahquliyevdən 3 gün vaxt istədi

23:23 - 5 Fevral 2019

“Keşlə” qış fasiləsində heyətinə cəlb etdiyi Emin Mehtiyevi PFL-ə sifariş edə bilmir. Qaydalara əsasən, futbolçu bir mövsüm ərzində iki klubun şərəfini qoruya bilər. Emin əvvəlcə I Divizionda “Qaradağ Lökbatan”da, daha sonra Türkiyə BAL liqasında çıxış edib. Bu səbəbdən də o, "Keşlə"də oynaya bilməz.

 

26 yaşlı sağ cinah müdafiəçisi yalnız “Qaradağ Lökbatan”a və ya BAL liqası klubunda çıxış edə bilər. Məsələ ilə bağlı “Qaradağ Lökbatan”ın çalışdırıcısı Elçin Dərgahquliyevlə əlaqə saxladıq. Sportal.az-a açıqlama verən mütəxəssis Emin Mehtiyevi sərəncamında görmək istədiyini və ondan cavab gözlədiyini deyib:

 

"Emin Mehtiyevlə 2-3 gün öncə söhbət etmişəm. "Keşlə"nin yoxlama görüşünə baxmışdım, Mehtiyev ideal formadadır. Çox istərdim ki, Emin mənim sərəncamımda olsun. Belə futbolçu komandamıza lazımdır. Mən onunla əlaqə saxlamışdım. Bildirdi ki, BAL Liqasında oynamağa üstünlük verir. Mənə 3 günə dəqiq cavab verəcəyini söyləyib. Seçim ona aiddir. Bilirəm ki, o, komandamızı gücləndirəcək. Ancaq seçimini BAL liqası üzərində edəcəyini bildirmişdi. Hazırda dəqiq cavab gözləyirik".

 

Dərgahquliyev mövsümün ikinci dövrəsi üçün hədəfləri barədə danışıb:

 

"Klub rəhbərliyi qarşımıza hədəf qoymayıb. Bacardığımız qədər irəli getmək istəyirik. Bacarsaq, mükafatçılar sırasına da, düşmək istərdik. Qarşıda bizi "Zaqatala" ilə görüş gözləyir. Çalışacağıq ki, maksimum nəticə əldə edək. Batumidə yaxşı toplanış keçdik. İkinci dövrəyə hazırıq".

 

Çalışdırıcı limitə görə I Divizionda mübarizənin zəiflədiyini deyib:

 

"Limitə görə səviyyə aşağı düşüb. I Divizion U-19 liqasına bənzəyir. Əgər belə qanun qoyublarsa, buna əməl etməliyik. Ötən illərlə müqayisədə aşağı liqanın mübarizliyi xeyli aşağı düşüb".

Xəbər xətti