"Gərgin oyun alındı. Hiss olunurdu ki, “Qəbələ” kubok oyununa çox ciddi hazırlaşıb. Ümumiyyətlə, bu komanda kubok matçlarında öndə gedənlərdəndi, çox vaxtı finala çıxıb. İlk dəqiqələrdən oyunu ələ ala bilmədik. Amma get-gedə futbolçular tapşırıqlarımızı yerinə yetirməyə çalışdı. Bir neçə qol epizodumuz da oldu. Amma qollar sonda gəldi. Bura dünən gəlmişik. Adaptasiya olmaq futbolçular üçün bir o qədər də asan deyildi. Hər bir halda futbolçularımdan razı qaldım. Vacib qələbə qazandıq. Bu oyun göstərdi ki, qarşıdakı çempionat oyununa çox ciddi hazırlaşmalıyıq. Bütün diqqətimiz bu oyunda olacaq. "Qəbələ”yə də uğurlar arzulayıram".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun yarımfinal mərhələsinin "Qəbələ" ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis Ağdam klubunun bu mövsüm "qızıl dubl" etmək istəyinin olduğunu da gizlətməyib:
"Oynadığımız turnirlərdə hər il maksimum nəticə göstərmək istəyirik. Amma son neçə ildə bu alınmadı. Bu il belə şansımız var. Maksimum istifadə etməyə çalışırıq. Qarşıda bizi cavab matçları gözləyir. Çempionat davam edir. Məqsədimiz hər il şanslardan maksimum istifadə etməkdi. Bu il belə uğur əldə etsək, sevinərik. Oyunumuzu maksimum yaxşılaşdırmaq, ölkə kubokunun qalibi olmaq istəyirik. Nə dərəcədə bunu bacaracağıq, oyunlar oyunlar göstərəcək. Oyunlara köklənmişik".
Qurbanov yeni müqavilə üçün Patrik Andradenin klubdan böyük məbləğ tələb etməsi xəbərlərinə isə bu cür münasibət bildirib: "Patriklə danışıqlar gedir. Onun klubla iyunda müqavilə bitir. Hər bir futbolçu öz oyununu yaxşılaşdırdığı kimi, yaşam tərzini də yaxşılaşdırmaq istəyir. Ona görə də bu məsələyə normal yanaşıram. Ola bilər ki, daha çox üzdə olub, təklifləri çoxdu. Belə düşüncəsi ola bilər. Hər halda burada qlobal problem görmürəm. Onunla dost kimi danışıq gedir. Düşünürəm ki, yaxşı olar. Hər zaman çalışırıq ki, kim nəyə layiqdirsə ona qarşılığını verək. Neçə illərdi bu işin içindəyəm və siz deyən məsələyə pis baxmıram".
Mirbağırağa
