Samir Abasov: "Ehtiyatlı oynayırdıq"

21:56 - 20 Aprel 2022

"Gərginlik oyunun ilk dəqiqələrindən hiss olunurdu. İki komanda da uduzmaq istəmirdi. Öz komandamın adından danışıram, ən azından ehtiyatlı oynayırdıq. Kubok oyunları bu məcrada keçir. Xüsusilə də ilk oyunlar. Əsas məsələ uduzmamaq idi. Onu da uşaqlar bacardı. Çox şikayət etmək istəmirik. Reallıq budu və görürsüz ki, itkirlərlə çıxırıq oyunlara. Buna baxmayaraq, uşaqlar mübarizə aparırlar. Oyunun olmamasından şikayətlənirlər. Amma baxsınlar, meydana hansı uşaqlarla çıxırıq. Çempionatın elə yerinə gəlib çıxmışıq ki, itkilərimiz haqda düşünmürük. Əlimizdə olan sağlam oyunçularla oynayırıq. Həmin gün şərt mübarizə aparmaqdısa, onu da etməliyik. Bunu da etdik. Futbolçulara təşəkkür edirəm. İndi çempionat oyununa köklənəcəyik. Məqsədimiz uduzmamaq, seriyaları davam etdirməkdi. Uduzmadıqca, xüsusilə cavan futbolçularımıza özünəinam gəlir". 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

O, ölkə kubokunun yarımfinal mərhələsinin "Zirə" ilə ilk oyunundan sonra mətbuat konfransında danışıb. Abasov itkilərin komandanın çıxışına necə təsir göstərməsindən söhbət açıb: "Kubokun ilk oyunu olduğunu nəzərə alsaq, itkilər olmasa da, matç elə bu məcrada keçəcəkdi. Çünki uzun illərdi şahid olduğum prosesdi. Bugünkü gündə “Neftçi”nin müdafiəsi deyəndə, dərhal Voyislav Stankoviç yada düşür. Amma o meydanda yox idi, Mert Çelik oynamırdı. Digər uşaqlar yaxşı oynadı, pis demirəm. Məqsədimiz hər şeyi kənara qoyub, itkilər haqda fikirləşməməkdi. Bugünləri siz də, biz də elə eyni heyəti qurardıq. Ömər Buludovun mərkəz müdafiəçisi kimi oynaması məcburiyyətdən atılmış addım idi. Ömər ikinci hissədə ən yaxşılardan idi".

"Ağ-qaralar"ın çalışdırıcısı legioner limitinin yığışdırılmasının tərəfdarı olduğunu da bildirib: "Bu məsələdə mənim fikrimi bilirsiz və bu, heç vaxt dəyişməyəcək. Fikrimdə sərtəm, bəzən heç öz klubumuza da xoş gəlmir. Məncə, limit götürülməlidi. Mənim öz arqumentlərim var. Ki, limit məsələsi inkişafımıza ziyan edir. Kimlərsə başqa şey deyə bilər, bu da onların fikridi. Oyunlarda 5 əvəzetmə olması da yaxşı haldı. Bütün ölkələr bunu edirsə, biz niyə etməyək? Zaman göstərəcək hansı qərarlar olacağını".

Mirbağırağa

Xəbər xətti