"Super Nova" ilə görüşdə oynamamağım zədə ilə bağlı deyil. Heç bir zədəm yoxdu, sadəcə məşqçi rotasiyalar edir. Oyunlarımız tez-tez olur deyə, yorğunçuluq da var baş verir. Baş məşqçimiz bunları nəzərə alır, mən oynamadım başqası oynadı. Baş məşqçi etibar edir, növbəti matçlarda oynayaram".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Dauqavpils"in futbolçusu Asim Əlizadə deyib.
21 yaşlılardan ibarət yığma komandamızın üzvü yığmadan komanda yoldaşı olan Şakir Seyidovun "Dauqavpils"ə keçidindən söhbət açıb. Əlizadənin fikrincə, onlar birlikdə komandanın daha uğurlu çıxış etməsinə kömək olacaqlar: "Bəli, Şakir gəlib komandamıza, məşqlərdə iştirak edir. Onunla çox yaxşı münasibətim var, yığmada da birlikdə oynayırıq. Uşaqlıqdan bir-birimizi tanıyırıq, birlikdə böyümüşük. Şakirlə yaxşı münasibətimiz var, Latviyada bir-birimizə dayaq, dəstək olacağıq. Ümid edirəm ki, ikimiz də yaxşı oyun göstərərək, komandamızın daha yaxşı yerlərə gəlməsi üçün kömək olacağıq".
"Komandamız hazırda turnir cədvəlinin 6-cı pilləsindədi. Düzdü, mövsümə ürəkaçan başlamamışıq. Ancaq daha yaxşı olacağına inanıram. Çünki yaxşı komandamız var. Turnir cədvəlində daha yaxşı yer tutmaq üçün əlimizdən gələni edəcəyik. Bu, bizdə alınacaq" deyə, Asim Əlizadə fikirlərini yekunlaşdırıb