"Qazaxıstanla oyuna çox yaxşı başladıq, kifayət qədər qol imkanları yaratdıq, müdafiədə də etibarlı çıxış etdik. Sadəcə, hücumda qol imkanlarını reallaşdıra bilmədik. Qazaxıstanla oyunda qol imkanlarını qaçırdıqca bizim də üzərimizə təzyiqlər artdı və səhvlərdən qollar buraxdıq".
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Belarusla oyun öncəsi keçirilən mətbuat konfrasında deyib.
Mustafazadə Qazaxıstanla oyun haqda danışdıqdan sonra Belarusa qarşı keçiriləcək matçla bağlı da fikirlərini söyləyib. O, Belarus və Qazaxıstan millilərinin eyni sxemdə oynadıqlarını xatırladıb:
"Belarusu təhlil etmişik. Onlar da Qazaxıstan millisi kimi, 5 müdafiəçi ilə oynayır. Ancaq Belarus Qazaxıstandan daha kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Buna görə də kreativliyimizi artırmalı və ələ düşən imkanlardan yararlanmalıyıq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbycan xalqını sevindirək".
Belarusa qarşı matç iyununda 6-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
