"Əfsuslar olsun ki, yeni klublar yaratmaq əvəzinə olanları da bir-bir itiririk" - MÜSAHİBƏ

20:16 - 5 İyun 2022

Bu mövsüm futzal üzrə Azərbaycan kubokunun qalibi "Neftçi" İK oldu. Bu klub finalda "Alyans Qrup"u məğlub edərək mövsümü titulla başa vurdu. Komandanın aparıcı üzvü, Azərbaycan futzalının təcrübəlilərindən hesab edilən Fərid Atakişiyev Sportal.az saytına müsahibə verib. O, ölkə kubokunun sahibi olmaqlarından və yeni mövsüm komandasının iddialı olacağından söhbət açıb.

- Bu mövsüm ölkə kubokunu qazanan “Neftçi” oldu. Bu barədə nə demək istəyirsən?
- Kuboka gedən yolumuzu maraqlı və əzmkar hesab edirəm. Sevindirici haldı ki, “Neftçi” sonuncu dəfə kuboku qazananda da mən komandada idim. 2016/2017 mövsümünü nəzərdə tuturam. Bir sözlə, "Neftçi"yə dönüşümü kubokla qeyd etmək gözəl oldu.

- Maraqlıdı ki, ölkənin ən titullu klubu “Araz” kuboku qazana bilmədi. Hər halda finalda onlarla qarşılaşsaydınız, daha çətin olardı kuboku qazanmaq?
- Təbii ki, “Araz” ölkə daxilində hər bir turnirin favoriti hesab olunur. Amma bizim kubokda yolumuz “Ekol” və “Baku Fire” komandalarını məğlub etməkdən keçdi. Heç vaxtımız da olmadı düşünək ki, "Araz"la finalda qarşılaşsaydıq necə olardı, necə necə edərdik.

- Ölkə kuboku titul hesab edilsə də, futzalda avrokuboklara vəsiqə vermir. Bunun özü hardasa üzücüdü? Hər halda böyük futbolda olduğu kimi, futzalda da kuboku qazanan komandanın avrokuboklara yollanması daha yaxşı olmazdı?
- Əlbəttə ki, kuboku qazanaraq beynəlxalq yarışlara qoşulmaq daha gözəl olardı. Ancaq futzalda bildiyiniz kimi belə bir şey yoxdu. Reytinqli ölkələrin iki klubu isə Çempionlar Liqasında iştirak edə bilir. Sağ əlləri bizim başımıza.
 
- Kuboku qazanmağınız yeni mövsüm çempionluq uğrunda mübarizə aparmağınız üçün sizə motivasiya verəcək yoxsa, “Araz”la mübarizə aparmaq çox çətindi?
- "Neftçi" hər bir halda yüksək yerlər üçün mübarizə aparır. Qarşımıza yüksək məqsədlər qoyulub. Yaxşı olacağına inanıram.

- Uzun illər kapitan sarğısını daşıdığın "Ekol" bir neçə gün əvvəl fəaliyyətini dayandırdı. Komandaların sayının azalması o qədər də yaxşı durumda olmayan Azərbaycan futzalına necə təsir göstərəcək?
- “Ekol”un dağılması üzücüdü. Futzal adına da belədir. Bu klub mənə doğma olub, 2008-ci ildən orada oynamışam. Gözəl, yaddaqalan oyunlarımız olub. Əfsuslar olsun ki, yeni klublar yaratmaq əvəzinə olanları da bir-bir itiririk. Məncə iş adamlarını, şirkətləri futzala cəlb etməyin vaxtıdı. Onlarda bu idman növünə maraq oyatmaq lazımdı. Futzalda çox büdcə olmadan komanda qurmaq olar.

- İllərdir ki, Azərbaycan çempionatında oynayırsan, amma milli komandanın heyətində heç bir böyük turnirlərdə çıxış etməmisən. “Neftçi”nin heyətində kubok qazanmağın milliyə yolunu açacaq?
- Milliyə yol “Araz”dan keçir. Bilirsiz ki, neçə illərdi millinin bazası məhz bu komandadı. Vaxtilə "Araz"dan çox dəvət almışam. İndi düşünürəm ki, gərək o vaxtı gedərdim. Ondan sonra bilinərdi ki, millidə oynamağa nə dərəcədə layiqəm. Mənim indi hansısa titul qazanmağım millinin baş məşqçisinin fikrini dəyişə bilməz. Çünki hamı bir-birini gözəl tanıyır. Öz fikrimə qalsa, istəyərəm daha çox cavanlara şans verilsin. 1-2 dəqiqə ilə heç kim özünü göstərə bilməz. Daha çox şans verilsin ki, özlərinə də inamları artsın.

Mirbağırağa

Xəbər xətti