"Qrupda daha yaxşı yer tutmaq üçün ustalıq səviyyəmizi artırmalıyıq" - MÜSAHİBƏ

13:13 - 12 İyun 2022

21 yaşlılardan ibarət yığma komandamızın kapitanı Rauf Hüseynli Sportal.az saytına müsahibə verib. Yığmamızın aparıcı üzvü sabah Avropa çempionatının seçmə mərhələsinin son oyununda Norveçə qarşı keçirəcəkləri matç barədə danışıb.

- Yığma komandamız Estoniyaya 5:0 qalib gəldikdən sonra Finlandiya matçından da uğurlu nəticə ilə ayrılacağınıza yəqin inamınız daha böyük idi?  
-
Biz hər oyuna qələbə üçün çıxırıq. Norveç matçı da buna aiddi. Sabahkı matçda da qələbə üçün oynayacağıq. Uşaqlar Estoniya matçında yaxşı performans göstərmişdilər. Meydançada bacardıqlarının maksimumu qoydular.

- Finlandiya ilə matçda nə baş verdi ki, komanda normal oynadığı oyunu sonda 0:3 uduzdu?
- Matça yaxşı başlamışdıq. Birinci hissə bərabər səviyyəli oyun getdi. İkinci hissəyə də inamlı başlamışdıq. Nəticədə penalti vurmaq hüququ qazandıq. Amma bundan yararlana bilmədik. Bu da normal haldı futbolda. Ondan sonra da qol epizodlarımız var idi. Həmin epizodlardan da istifadə edə bilmədik. Finlandiyanın isə 3 qol epizodu oldu, hamısını ustalıqla dəyərləndirib, qol vurdular. Əsas odur ki, futbolçular ruhdan düşmədi, sona qədər diqqətli, intizamlı oyun sərgilədilər.

- Qrupdakı son matçınız sabah Norveçə qarşıdı. Bu oyun haqda fikrin necədi? Norveç səfərində komandamız hamsı nəticəni göstərə bilər?
-
Bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Çalışacağıq ki, meydanda məşqçinin bizə verdiyi təlimatları yerinə yetirək. Əlimizdən gələnin artığını meydanda qoyacağıq ki, yaxşı oyun sərgiləyək və uğurlu nəticə qazanaq.

- Norveçə Bakıda 1:2 uduzduğunuz oyunu necə xatırlayırsan?
-
Yaxşı oynadığımız oyunlardan biri idi. Oyunun sonunda hesab 1:2 olanda iki penalti epizodumuz var idi. Hakim Norveçin qapısına penalti təyin edə də bilərdi, etməyə də. O da penalti verməmək qərarını seçdi.

- Norveç qrupdan çıxmaq üçün mübarizə aparır. Bu mənada, onlar mütləq qalib gəlməlidilər. Yəni, millimiz rəqibin psixoloji gərginliyindən istifadə edə bilər?
-
Biz onların psixoloji gərginliyindən çox öz psixoloji durumumuza üstünlük veririk. Əsas bizim psixoloji hazır olmağımızdı. Fikrimizi tam oyuna verməliyik. 90 dəqiqə diqqətimizi qoruyub-saxlamalıyıq.

- Necə düşünürsən, U-21 yığması indikindən daha yaxşı nəticələrə layiq idi? Nəyə görə maksimum Estoniyanı keçə bildik turnir cədvəlində? 
-
Oyun barəsində danışsaq, bəlkə də layiq idik. Uduzduğumuz oyunlarda belə, qalib gəlmək şanslarımız olub. Lakin rəqib komanda daha soyuqqanlı olub, düzgün qərarlar verərək düşən imkanları qola çeviriblər. Qrupda daha yaxşı nəticə qazanıb, daha yaxşı yer tutmaq üçün öz üzərimizdə çox çalışmalı, ustalıq səviyyəmizi artırmalıyıq. Bununla yanaşı soyuqqanlı olmalı, düzgün qərarlar verməliyik.

Xəbər xətti