Azərbaycanlı futbol funksioneri, milli komandamızın keçmiş üzvü Ceyhun Sultanov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisi hazırda 1 xala sahibdi. Son matçda isə milli Slovakiyaya uduzdular. Səncə, qələbə və yaxud da heç-heçə üçün nə çatmadı?
- Düzdü, Slovakiya keyfiyyətli komandadı. Amma hər halda müdafiəyəmeyilli futbol oynayırdıq. Bu futbolla qələbə qazanmaq çox çətindi. Düzdü, əks-hücumda rəqibi tuta bilərsən. Slovakiya ilə oyunun ikinci yarısında meydanda müdafiəyəmeyilli 8 futbolçu var idi. Emin Mahmudovun əvəzinə meydana yarımmüdafiə xəttindən bir nəfəri daxil etmək olardı. Mənə görə heyət seçimi səhvdi, edilən müdaxilələr də həmçinin. Maksim Medvedev zədələnib, onun əvəzinə meydana Abbas Hüseynovu buraxmaq olardı. Amma De Byazi Cəlal Hüseynovu sağ cinaha çəkir, Bədavi Hüseynovu meydana daxil edir. Oyunun gedişində düzgün müdaxilələr edilmir. Başlayandan sona qədər müdafiəyəmeyilli futbol oynadıq. Bu cür futbolla qol vurmaq çox çətindi. Halbuki hazırkindən də yaxşı heyət qurub, hücumameyilli futbol oynamaq olardı. Çünki evdə oynayırdıq.
- Canni De Byazinin meydana buraxdığı heyət, taktiki sxemi tez-tez tənqid edilir. Fərqli sxem və fərqli heyətlə oynasaq uğurlu nəticələr əldə edə bilərik?
- Onun hələ də heyəti düzgün seçməməsi məndə maraq doğurur. Çünki əlində olan futbolçular bu sxemə uyğun deyil. Çox çətin olacaq gələcək oyunlarda. Yaxşı oyun göstərməlidilər. Müqaviləsinin sonuna qədər eksperiment aparmamaq, düzgün heyət buraxıb futbol oynamaq lazımdı.
- Hazırki milli sənin oynadığın vaxtdakı millidən daha potensiallı, persppektivlidi, yoxsa həmin milli daha güclü idi?
- İndiki milli ilə bizim millini müqayisə etmək istəməzdim. Bizim vaxtımızda deyim ardıcıl qələbələlər qazanırdıq, yox. Sadəcə bizim vaxtımızdakı futbolçular beyin olaraq tez və düzgün fikirləşib, cəld qərar verirdi. Amma fiziki durumumuz o səviyyədə deyildi. İndiki ilə o vaxtkı milli ilə fərqimiz bilirsiniz nədi? Əvvəl beyin düzgün işləyirdi güc çatmırdı, indi güc var beyin düzgün işləmir. Bu ikisini hələ də birləşdirə bilməmişik. Hər ikisi birləşdikdən, güclü baş məşqçi də təyin etdikdən sonra yaxşı millimiz olacaq.
- Səncə, millinin maksimumu budur, yoxsa bundan sonrakı oyunlarda milli nəsə edə bilər?
- Bu, maksimum deyil. Daha yaxşısını etmək olar. Məşqçidən çox şey asılıdı. Hər şey məşqçidən asılıdı. Futbolçuya hansı tapşırığı verirsənsə, o da onu yerinə yetirir. Mənə görə bundan yaxşı komanda qurmaq, yaxşı nəticə vermək mümkündü. Sonuncu pillədə getmək, bir xala sahib olmaq maksimum deyil.
- Bu gün milli Belarus önünə çıxacaq. İlk oyunda rəqibimizlə 0-0 oynamışdıq. Səncə, bu dəfə necə, milli Belarusa qalib gələ biləcək?
- Əlbəttə qalib gələ bilər və qalib gəlməlidilər də. Qazaxıstan və Belarus bizdən güclü komandalar deyil. İlk turlarda onlara qalib gələ bilərdik. Sadəcə imkanlardan istifadə etmədik. Nəticələrin bu cür olmasının bir nömərli günahkarl Canni De Byazidi. Biz Belarusu məğlub etməyə qadirik.
- Canni De Byazi iki ildir ki, millimizi çalışdırsa da hələ Bakıda qələbəsi yoxdu. Bu gün məğlubiyyət olacağı təqdirdə, AFFA-nın daha tez tərpənərək italiyalı mütəxəssisi istefaya yollamasını məqsədəuyğun hesab edirsən, yoxsa gələcək məşqçi ilə də irəliləyiş əldə edə bilməyəcəyimizi düşünürsən?
- Birinci tsikldə göstərdiyi nəticələrə uyğun olaraq postundan göndərilməyibsə, Belarusa uduzduqdan sonra da göndəriləcəyinə inanmıram. Göndərilsə də qrupdan çıxa bilməmişiksə, yerinə başqa əcnəbinin gəlməsinin heç bir effekti olmayacaq. O da eyni şeyi edəcək. Məğlub olsaq və Canni De Byazi göndərilərsə, onu azərbaycanlı mütəxəssis əvəz etməlidi. Ən azından son 2 oyuna qədər. Slovakiya Qazaxıstana uduzdu, baş məşqçini köməkçisi əvəzlədi. Böyük dəyişiklik olmayacaq. Canni De Byazi ilə müqaviləni artıranda düşünmək lazım idi hər şeyi. De Byazi ilə müqaviləni artırmaqda bir nömrəli günahkar AFFA-dısa, ikinci günahkar futbol adamlarımızdı. O ki deyirdilər, başqa əcnəbini gətirməkdənsə, De Byazi millini yaxşı tanıyır, qalması yaxşıdı. Hardadı həmin futbol adamları? Bunu düzgün saymıram. Bir məşqçi uğursuzdursa, postundan göndərilməlidi, yenisi gəlməlidi. İndiki durumda da yerli baş məşqçi olmalıdı. Verilən qərarlar doğru olmadığına görə bu durumdayıq. Canni De Byazini postunda saxlayan adamlar cavab verməlidi.