"Səbail"in kapitanı Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisi Slovakiya ilə matçda məğlub oldu. Millinin oyununu necə dəyərləndirirsən.
- Əvvəlcədən demişdim ki, Slovakiya həm oyunda, həm də qrupda favoritdir. Buna baxmayaraq biz evdə oynayırdıq və daha yaxşı çıxış edə bilərdik. Xal qazanmaq üçün nəyin çatmadığını Canni De Byazi yaxşı bilər. Mən düşünürəm ki, komanda zəif çıxış etdi. Bundan yaxşı oynamaq olardı.
- Canni De Byazinin meydana buraxdığı heyət və taktiki düzülüşlə bağlı nə deyə bilərsən?
- Hər məşqçinin öz taktikası var. Bu barədə heç nə deyə bilmərəm. Amma baş məşqçi heyətdə bəzi dəyişikliklər edə bilərdi. Slovakiya ilə oyunun sonunda demək olar ki, 8 müdafiəçi ilə oynayırdıq. Evdə belə qorxaq futbol oynamamalıyıq. Rəqib İspaniya, Portuqaliya deyil, Slovakiyadır. Bu komandaya qarşı belə qorxaq futbol oynamaq məncə düzgün deyil.
- Hazırki milli sənin oynadığın vaxtdakı millidən daha potensiallı, persppektivlidi, yoxsa həmin milli daha güclü idi?
- Bizim vaxtdakı milli ilə indiki millini müqayisə etmək istəmirəm. Bizim vaxtda da yaxşı futbolçular var idi, indi də. Millidə yaxşı potensiallı futbolçularımız var. Onlar öz klublarında oynayırlar, millidə oynaya biləcəklərini klublarında sübut edirlər. Bundan yaxşı oynaya bilərik. Bunun üçün potensial var.
- Hazırda cəmi bir xalımız var. Necə düşünürsən, milli bu qrupda qalan üç oyunda daha yaxşı nəticə əldə edə biləcək, yoxsa elə maksimumuz budur?
- Təəssüf ki, 1 xalımız var. Qarşıda Belarusla oyun var. İnanıram ki, millimiz qələbə qazanacaq. Hücum futbolu oynasaq, nəticə də olacaq. Belarusa qalib gəlmək üçün bizim yaxşı futbolçularımız var. Solvakiya ilə səfər matçı çətin olacaq. Amma Qazaxıstanla evdə keçirəcəyimiz oyunda xal qazanmaq olar.
- Milli Belarus önünə çıxacaq. İlk oyunda rəqibimizlə 0-0 oynamışdıq. Səncə, bu dəfə necə, milli Belarusa qalib gələ biləcək?
- Belarusla səfərdə heç-heçə etdik. Demək olar ki, bərabər oyun getmişdi. Bizim yaxşı imkanlarımız da oldu, futbolçular istifadə edə bilmədilər. İnanıram ki, milimiz evdə qələbə qazanacaq.
- Canni De Byazi iki ildir ki, Azərbaycan millisini çalışdırır, hələ də Bakıda qalib gələ bilməyib. Səfərdə isə yalnız Kipri udmuşuq. Sabah da məğlubiyyət olacağı təqdirdə AFFA-nın daha tez tərpənərək italiyalı mütəxəssisi istefaya yollaması məqsədəuyğun sayıla bilər, yoxsa düşünürsən ki, gələcək məşqçi ilə də irəliləyiş əldə edə bilməyəcəyik?
Hamı elə düşünürdü ki, Canni De Byazi ilə yollar ayrılacaq. Ancaq ona yenə şans verdilər. Bu, AFFA-nın qərarıdır, ona qarışa bilmərəm. Yəqin ki, müzakirə edib, onu postunda saxlayıblar. Amma indiki vəziyyət göstərir ki, De Byazini saxlamaq özünü doğrultmur. De Byazi qədər desə də ki, biz oyundan oyuna artırırıq, amma bu, görünmür. Düzdür, qarşıda oyunlar var. Bu gedişatla düşünürəm ki, o, millidə çıx qalmayacaq. Ona görə ki, irəliləyiş yoxdur. Baş məşqçidə perspektiv görünmür. Bu, mənim fikrimdir. Kimsə razı olmaya bilər. Həmişə demişəm, yenə də deyirəm ki, millidə yerli məşqçi olsa, nəticələr yaxşı olar.
saytlarin hazirlanmasi
