"Fənərbaxça" "Mançester Siti"nin müdafiəçisini istəyir

13:06 - 14 İyun 2022

Yeni mövsümdə qarşısına çempionluq hədəfi qoyan "Fənərbaxça" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.


Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Siti"nin sağ cinah müdafiəçisi Yan Kutonun xidmətində maraqlıdır.


"Sarı-lacivərtlilər"in baş məşqçisi Jorje Jesus 20 yaşlı futbolçunun transferində israrlıdır. Portuqaliyalı mütəxəssis gənc oyunçunu "Braqa"da çıxış edərkən izləyib və oyununu çox bəyənir. O, İngiltərə klubu ilə 2025-ci ilin yayına kimi müqaviləsi olan "yeni Kafu" ləqəbi ilə tanınan braziliyalı müdafiəçinin 1 illik icarəyə götürülməsini rəhbərlikdən istəyib.


Yan Kuto "Mançester Siti"yə 2020-ci ilin yayında "Koritiba"dan transfer olunub. Braziliya U-21 millisinin üzvü başa çatan mövsümü icarə əsasında "Braqa"da keçirib. O, Portuqaliya klubunun heyətində meydana çıxdığı 42 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti