Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov ABŞ idmançısı Cek Yonezuka, polşalı Viktor Mrovçinski, tacikistanlı Behruzi Xocazoda və kubalı Maqdiel Estradaya qalib gələrək finala vəsiqə qazanıb. Heydərov həlledici matçda gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşacaq.
Bu çəkidəki Azərbaycanın digər təmsilçisi Rüstəm Orucov isə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Maqdiel Estradadı.
Səid Mollayi (81 kq) də finala vəsiqə qazanıb. Belə ki, yığma koamndamızda debüt edən azərbaycanlı cüdoçu yunanıstanlı Atanasios Milonelisə qalib gəlib. 1/8 finalda israilli Saqi Mukidən, 1/4 finalda isə qırğızıstanlı Asad Masabirovdan güclü olan Mollayi finala gedən yolda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvilini məğlub edib.
30 yaşlı cüdoçu finalda Vedat Albayrak (Türkiyə) / Gilyerme Şmit (Braziliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəki dərəcəsində yarışan Zelim Tskayev isə ilk görüşdən qalib ayrılsa da, 1/8 finalda uduzaraq turniri medalsız başa vurub.
