Avropa çempionatının ilkin mərhələsində iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti mərhələyə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, 4 xal toplayan və qrupu lider kimi tamamlayan millimiz martda əsas mərhələdə Xorvatiya, Bosniya və Herseqovina və türkiyə ilə üz-üzə gələcək. San marino ilə görüşdən sonra U-19-un üzvü Nazim Hüseynov komandanın çıxışını dəyərləndirib:
“Oyun gözlədiyimizdən daha çətin keçdi. Ola bilsin, biz ardıcıl 2 gün ərzində iki oyuna çıxmağımız yorğunluğa səbə oldu. Həm də Kosovo – San Marino görüşünü izləmişdik, düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır. Bu da müəyyən qədər arxayınlıq yaratmışdı. Düzdür, məşqçilər diqqətli olmağımızı, bu görüşün əvvəlkindən daha çətin keçəcəyini deyirdilər. Çünki rəqibimiz həm bir gün artıq istirahət etmişdi, həm də itiriləsi heç nəyi qalmamışdı. Çox şükür, vacib olan xalı qazandıq.
Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik. İkinci görüşdə qələbə qazana bilməsək də, yekunda qarşıya qoyulan məqsədə nail olduq. Yeri gəlmişkən, bu gün (dünən) atamın doğum günüdür. Çox istəyirdim qol vurum və ona hədiyyə edim. Bunun üçün şansım da oldu, təəssüf ki, zərbədən sonra top qapı dirəyinə dəydi. İstənilən halda, mərhələ adlamağımız da uğurdur və atamı bununla təbrik edirəm.
Əsas mərhələdə daha güclü rəqiblərlə qarşılaşacağıq. Ona qədər azı 2 ay vaxtımız var. Həm Yüksək Liqada oyunlarımız olacaq, həm də yaxşı hazırlıq keçəcəyik. Ümid edirəm ki, əsas mərhələdə də qazanacağımız xallarla futzal ailəsini sevindirəcəyik”.
saytlarin hazirlanmasi