"Zirə"nin futbolçusu Salifu Summa Sportal.az saytına müsahibə verib. Misli Premyer Liqasının 21-ci turunun “Qarabağ”la(3:2) görüşündə dublla yadda qalan qvineyalı futbolçu həmin matçı dəyərləndirib.
- "Qarabağ"la matçda qalib gəlməyi bacardınız. Görüş sizin üçün necə alındı?
- "Qarabağ"a qarşı asan oyun olmayacağını bilirdik. Oyuna da yaxşı başlamışdıq. Sadəcə gözlənilmədən iki asan qol buraxdıq. Baş məşqçimiz fasilədə bizə müəyyən təlimatlar verdi. Onun tapşırıqlarını ikinci hissədə yaxşı yerinə yetirdik. Bunun da nəticəsində geri dönüş edə bildik.
- Hesab 0:2 olduqdan sonra "come back" edəcəyinizə inamınız var idi?
- Bəli, inanırdıq. Çünki birinci hissədə də qol vəziyyətləri yaratmışdıq. Sadəcə onları reallaşdırmaq lazım idi. İkinci hissədə fərqli olan tək şey, qol epizodlarından istifadə etməyimiz oldu. Bütün qol epizodlarından istifadə edib, "come back"i reallaşdırdıq. Təbii ki, inanırdıq.
- Bu mövsüm ən yaxşı ikinci hissəni məhz "Qarabağ"a qarşı oynadınız?
- Bəli, belə hesab etmək olar.
- Sənin qol vurduğun oyunlarda komanda yalnız qalib gəlir. Bunu nə ilə əlaqələndirirsən?
- Qol vurduğum oyunlarda komandamızın qələbə qazanmasına görə çox sevinirəm. Məşqçilər korpusuna, komanda yoldaşlarıma, bütün komandaya təşəkkür edirəm ki, onlar sayəsində öz potensialımı aça bilirəm. Bu cür davam etmək lazımdır.
- "Qarabağ"la matçdan əvvəl "Zirə" ilə 2 illik müqavilə imzalamışdın. Bunun ekstra motivasiyası var idi?
- Bəli, 2 illik müqavilə imzalandı. Bu da "Qarabağ"la oyun üçün müəyyən qədər motivasiya oldu. Gələcək haqda nə deyim? Ən doğrusunu Allah bilir. Son matçlarda göstərdiyim nəticələr kimi davam etsəm, yaxşı şeylər baş verə bilər. Hər şey Allahın əlindədir.
- "Zirə"nin ötən mövsümkü kimi ikinci yeri tutmaq şanslarını necə qiymətləndirirsən?
- Təbii ki, bu cür davam etsək, çempionatda istər birinci yer, istərsə də ikinci yerə yüksəlmək olar. Niyə də olmasın? İndiki kimi davam etsək, bunlar mümkündür.
Mirbağırağa