AFFA-dan Premyer Liqa ilə bağlı vacib qərarlar: Yeni mövsüm neçə turdan ibarət olacaq?

17:07 - 19 Fevral 2025

19 fevral 2025-ci il tarixində SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə Peşəkar Futbol Liqasının hesabatı dinlənilib. Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Misli Premyer Liqası, həmçinin I və II liqalarda mövsümün gedişi barədə məlumat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, təklif və rəylərini dinləyib.

Ardından Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

İcraiyyə Komitəsində qərara alınıb ki, 2025/2026-cı illər mövsümündə Premyer Liqada sonuncu yeri tutan klub I Liqaya düşsün, I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazansın. Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.

Xəbər xətti