"Ümid edirəm ki, "Qarabağ"a qarşı oyun gərginliklə yox, gözəl futbolla yadda qalar" - MÜSAHİBƏ

17:22 - 20 Aprel 2025

"Araz-Naxçıvan"ın forvardı Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan" "Turan Tovuz"la matçda bərabərə qaldı. Yəqin ki, matçdan öncə istədiyiniz nəticə bu deyildi? Amma oyunun ssenarisinə baxası olsaq, bu nəticə sizi razı saldı deyə bilərik?

- Oyuna yaxşı hazırlaşmışdıq. "Turan Tovuz" bizim əsas rəqiblərimizdən biridir. Qələbə qazanaraq turnir cədvəlindəki yerimizi möhkəmləndirmək istəyirdik. Ancaq düşünürəm ki, bir xal da bizim üçün indiki halda dəyərlidir. 

- Epizodların az deyildi. Onlardan istifadə etmək niyə alınmadı?

- Bu görüşdə 3 zərbəm oldu. Amma yaxşı alınmadı. Açığı, 100 faizlik qol epizodum olmadı. Bir zərbə imkanım oldu. Ancaq həmin anda da Felipe Santosa ötürmə verdim. 

- "Araz-Naxçıvan" "Turan Tovuz"u özünə yaxınlaşmağa qoymadı, hazırda xal fərqi 5-dir. "Zirə" ilə xal fərqi də 5 xaldır. Necə düşünürsən, "Zirə"yə yaxınlaşmaq mümkün olacaq, yoxsa üçüncü pillə də sizi razı salır?

Biz ilk "üçlük"də yer almaq istəyirik. Premyer Liqadakı mövqeyimizi qorumağa çalışırıq. Komandamıza inanıram. Bunu reallaşdıra bilərik.  

- Komandanız 4 gündən sonra "Qarabağ"la oyuna çıxacaq. Ağdam klubunu ilk görüşdə 1:0 məğlub edə bilmişdiniz. Səncə, həmin üstünlüyü qoruyub-saxlaya biləcəksiz? Yəqin ki, finala çıxmağınız əsl sürpriz sayılmalıdır?

Əlbəttə ki, bunu real hesab edirəm. Bu futboldur, hər şey ola bilər. Kubok oyunları daha fərqli olur. Yaxşı hazırlaşaraq, finala çıxmaq istəyirik.  

- "Araz-Naxçıvan" finala çıxacağı təqdirdə, yəqin ki, finaldakı rəqibdən asılı olmayaraq əsas favorit hesab ediəcək? Çünki son çempionu udmuş olacaqsız...

Final matçında favorit olmur. Daha çox kim istəyirsə, kim çalışırsa, kubok da onun olur. Amma indidən final haqda danışmaq istəmirəm. Çünki biz hələ finalı yox, yarımfinal görüşünün cavab matçını düşünürük. 

- "Qarabağ"la son iki görüş gərgin keçdi. Son hadisələrin cavab görüşünə də təsir edəcəyini düşünürsən, yoxsa daha sakit oyun olacağını ehtimal edirsən?

Futbolda belə gərgin oyunlar olur. Normaldır da. Ancaq ümid edirəm ki, oyun gərginliklə yox, gözəl futbolla yadda qalar.

Mirbağırağa
 

Xəbər xətti