Bu gün hamı onu izləyir
Bəzən şəkillər həqiqəti özündə elə əks etdirir ki, artıq sözə də ehtiyac olmur. Bax, elə bu şəkildəki kimi. AZAL – “Qəbələ” oyunu. Hamı onun topla estetik hərəkətini seyr edir - AZAL-ın futbolçusu, ehtiyat skamyada əyləşənlər, teleoperator... Bəli, bu gün hamı onu izləyir!
Cavid Hüseynov Azərbaycan çarpında belə heç vaxt böyük futbolçu hesab olunmayıb. Gənc yaşlarında perspektiv vəd etsə də, oynadığı komandalarda həmişə qazandığı pulun qarşılığını versə də, çıxış etdiyi komandalarda bir nömrə olmayıb.
Amma bu gün o, bir nömrədir, həm “Qəbələ”də, həm də millidə. Bu gün o, topu özünə ram eləyə bilib, elə bu şəkildəki kimi. Cavid Hüseynovun oyunu göz oxşayır. “Qəbələ”ni çiyinlərində daşıyan Hüseynov Roman Qriqorçukun əsas ümid yeridir. O, sırf hücumçu olmasa da, “Qəbələ”nin vuran ayağı, bombardiridir.
Cavid Hüseynovun oyunçu keyfiyyətləri millinin yeni məşqçisi Robert Prosineçkinin də nəzərindən yayınmadı. Xorvat mütəxəssis Cavidə o qədər güvəndi ki, qarşılığında Cavid də Prosineçkini Maltaya vurduğu qolla sevindirdi, bu güvənin əbəs olmadığını göstərdi.
Hər kəsin öz dövrü var. Bu gün də Azərbaycan futbolunda Cavid Hüseynovun dövrüdür. Bu gün hamı onu izləyir, elə bu şəkildəki kimi.
saytlarin hazirlanmasi