Elxan Məmmədovun ucuz oyunu
Bir neçə gün əvvəl sportinfo.az saytında məlumat yayılıb ki, AFFA Premyer Liqa klublarına dekabrın 5-dək Müşahidə Şuralarını formalaşdırmaları üçün vaxt qoyub. Göstərilən tarixdə buna riayət etməyənləri 50 min manat cərimə gözləyir. Hətta Premyer Liqadan uzaqlaşdırılması da müzakirəyə çıxarıla bilər.
Əsas hədəf “Qəbələ”, “Qarabağ” və “Xəzər Lənkəran”dı. AFFA-nın baş katibi Elxan Məmmədov dəfələrlə bu klublara MŞ yaratmaq barədə xəbərdarlıq etsə də, rədd cavabı alıb. Nə Tale Heydərov, nə Tahir Gözəl, nə də Mais Mənsimov bu məntiqsiz qərarı icra etmək istəyib. Lakin Elxan Məmmədov israrlıdı, adam nə olursa-olsun, bu klublara da sözünü keçirmək istəyir, imkan daxilində həmin şuraya öz adamlarını da keçirtmək arzusundadır.
İlk növbədə onu qeyd edək ki, AFFA-nın bəzi klublarda yaratdığı Müşahidə Şurası qeyri-ciddi xarakter daşıyır. Yaradıcılıq dərnəyinə bənzəyən “Neftçi”də yazıçı, rəssam, aktyorlar toplaşıbsa, “Kəpəz”də ümumiyyətlə bir avantüraya bənzəyir bu şura – Gəncə İcra başçısının oğlu Elmir Vəliyev və AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu cütlüyündən ibarət bir struktur. Belədə sual yaranır ki, digər klublarda belə şuraların yaradılması nə qədər labüddür?
Ondan başlayaq ki, oliqarxlara məxsus klublar qarşısında belə şərt qoymaq absurddur. “Qəbələ”, “Qarabağ” və “Xəzər Lənkəran” kimi klublar ayrı-ayrı şəxslərin mülkiyyətidir. Onların başında duran insanlar bu klublara kifayət qədər maliyyə yatırıblar, infrastruktur yaradıblar. İndi onların qabağına necə şərt qoymaq olar ki, siz klubunuzu kollektiv idarəçilik üsulu ilə yönətməlisiz? Bu nə oyundu?
Bu, həmişəki kimi Elxan Məmmədovun oyunudu. Yenə ucuz oyundu və yenə heç bir ciddi nəticə verməyəcək. İdman direktorları ilə bağlı layihədə havaya sovurduğu pulların hesabını verməmiş özündən yeni hoqqa çıxarır bu adam. Klublar onun “dahiyanə” ideyası ilə MŞ yaratsa belə, heç nə dəyişməyəcək. Həmin klublar əvvəlki kimi idarə olunacaq, yalnız kağız üzərində şura yaradılacaq. Bunu Elxan Məmmədov da yaxşı bilir və bu bir daha onu göstərir ki, onun niyyəti futbolumuzu inkişaf etdirmək deyil, şəxsi ambisiyalarını yeritmək, özünü göstərməkdir...
AFFA oliqarxlara "müharibə" elan eləyir və sonda qalib gələn futbol olmayacaq!
Emin ABBASOV
saytlarin hazirlanmasi