Muarem Muarem: "Əvvəlki formamı bərpa etmək üzrəyəm" MÜSAHİBƏ

00:02 - 17 Aprel 2016

"Millinin heyətində oynamağa hazıram"
 
"Qarabağ”ın futbolçusu Muarem Muarem Azərbayan Premyer Liqasının XXX turunda baş tutan "Neftçi” – "Qarabağ” (1-2) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb: 
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- "Neftçi” üzərində qazanılan qələbəni necə şərh edə bilərsiniz?
- "Neftçi”nin yaxşı komanda olduğunu bilirdik. Oyuna çox yaxşı hazırlaşmışdıq. "Neftçi” aşağı pillələrdə yer almasına baxmayaraq, çox yaxşı komandadır. Bizə qarşı yaxşı oynayırlar. Düşünürəm ki, çox vacib qələbə qazandıq. Yolumuza davam etməliyik. 
 
- Bütün qollar ikinci hissədə vuruldu. Bunu nə ilə əlaqələndirmək olar?
- İlk hissədə də hesabı açmaq üçün çalışırdıq. Lakin bu baş vermədi. Qol vurmaq üçün imkanlarımız oldu. Amma dəyərləndirə bilmədik. Fasilədən sonra isə istəyimizə çatmağı bacardıq. 
 
- Artıq çempionluğun "Qarabağ” üçün təmin olunduğunu söyləmək olar?
- Düzdü, bu qələbədən sonra çempionluğa bir qədər də yaxınlaşdıq. Amma qarşıda 6 oyunumuz var. Çempionluğu təmin etmək üçün növbəti oyunlarımızda da qələbə qazanmağa çalışacağıq. 
 
- Bu günlərdə klubun prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüş keçirdi. Həmin görüşdə hansı məsələlərdən söz açıldı?
- Son zamanlar Qarabağda baş verən hadisələr barədə danışdıq. Hansı klubda oynadığımızı və hansı adı daşıdığımızı çox yaxşı bilirik. Çox ciddi bir komandanı təmsil edirik. Həm Avropada, həm də Azərbaycanda "Qarabağ”ın adını uca tutmağa çalışırıq. 
 
- "Qarabağ” yenidən ev oyunlarını Qarabağda keçirə bilər. Bu məsələyə münasibətiniz necə olar?
- Bu barədə yalnız rəhbərlik qərar verə bilər. Onlar istəsə, biz futbolçular Ağdamda oynamağa hazırıq. Əvvəllər də Ağdamda çıxış etmişik. 
 
- Amma futbolçuların bu istəkdə olmadıqları deyilir. Əsas kimi isə Quzanlıda şəraitin yaxşı olmaması göstərilir...
- Əvvəl bəlkə də şərait yaxşı olmayıb. Amma dediyim kimi, rəhbərlik hansı qərarı qəbul etsə, biz bunu yerinə yetirməliyik.
 
- Azərbaycan millisi Makedoniya millisi ilə yoxlama oyunu keçirəcək. Həmin oyunda millinin heyətində olmaq istəıyərdiniz?
- Təbii ki, millinin heyətində oynamağa hazıram. 
 
- Həmin qarşılaşmada millilərin şanslarını necə dəyərləndirirsən?
- Hazırda Azərbaycan millisi FİFA reytinqində daha yüksək mövqedədir. Buna baxmayaraq, maraqlı, gərgin qarşılaşma olacağını düşünürəm. 
 
- Daha əvvəl "Qarabağ”ın formasını geyən Muarem daha yaxşı formadaydı, yoxsa indiki?
- Əvvəl daha yaxşı formadaydım. Sonra klubu tərk etdim və bir müddət meydana çıxmadım. Amma hazırda əvvəlki formamı bərpa etmək üzrəyəm.
 
- "Qarabağ”dan getdiyinə görə peşmanlıq hissi keçirirdin?
- Bəli, səhv etdim. Amma həyatda hər kəs səhv edə bilər. Bir addım atanda nəticəsinin necə olacağını əvvəldən bilmirik.

Xəbər xətti