"Etiraf edirəm ki, pis oynadıq"
“Zirə”nin salvadorlu forvardı Nelson Bonilla “Xəzər Lənkəran”la (1:0) matçdan sonra Sportal.az saytına müsahibə verib
- Oyun haqda fikirlərinizi bildirərdiniz...
- Çox çətin oyun keçdi. Etiraf edirəm ki, pis oynadıq. İkinci hissədə daha çox hücumlar etdik. Bunun da nəticəsi olaraq hesabı açdıq. Ümumi götürsək, ağır oyun keçdi. “Xəzər Lənkəran” gənc futbolçulardan ibarət komanda olsa da, yaxşı oyun nümayiş etidirir. Həqiqətən də yaxşı kollektivdirlər.
- Oyunun çətin keçdiyini vurğuladınız. Bəlkə, “Xəzər Lənkəran”ı yaxşı dəyərləndirməmişdiniz?
- İlk hissədə oyunumuz alınmadı. Lakin baş məşqçimiz fasilə zamanı soyunub-geyinmə otağında bizi oyuna yaxşı motivasiya etdi. İkinci hissədə daha yaxşı oynadıq. “Xəzər Lənkəran”ın gənc futbolçuları sözün yaxşı mənasında məni təəccübləndirdi.
- Aktivinizdə 14 qol var. Bombardirlər siyahısında əsas rəqib olaraq kimi görürsünüz?
- Öz üzərimdə çox çalışırdım. Artıq bunun nəticəsini görürəm. Bombardirlər siyahısına başçılıq etdiyim üçün sevinirəm. Amma mənim üçün əsas önəmli olan komandamızın yüksək mövqelərdə olmasıdır.Çempionatı 2-ci pillədə tamalasaq, bu komandamızın əziyyəti olacaq.
- Xorxe Qonzalesdən sonra 30 il idi ki, legioner həyatı yaşayan heç bir salvadorlu futbolçu het-trik edə bilmirdi. Siz bu həsrətə “Rəvan”la oyunda son qoymuşdunuz. Bəs, poker etmək fikriniz var?
- Fikrimcə, məni onunla müqayisə etmək düzgün deyil. Xorxe yadplanetlidir. Salvador futbol tarixinin ən yaxşısı məhz odur.
- Xorxe Qonzalesin ləqəbi “sehrbaz” idi. Bəs sizin ləqəbiniz nədir?
- Xorxe Qonzales mənim üçün yaxşı bir nümunədir. Mən ondan müəyyən şeyləri öyrənməyə çalışmışam. Amma mənim xüsusi ləqəbim yoxdur. Atamın soyadını daşıyıram və bununla fəxr edirəm. Salvadorda məni Nelson Bonilla kimi tanıyırlar.
- Ölkənizin mətbuatına müsahibə verərkən bildirmişdiniz ki, Azərbaycanda oynamaq çətindir. Bunun səbəbini izah edə bilərsiniz?
- Mənim ölkəmdə təşkilati işlər yaxşı səviyyədə deyil. Məsələn burada “Qarabağ” və “Qəbələ” klublarının uşaq futbol məktəbləri var və akademiyalarına böyük diqqət ayırırlar. “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi” və “Kəpəz”ə qarşı oynamaq çətindir. Ola bilsin ki, Salvadorda bu klubları tanımasınlar. Amma bu komandalar güclüdürlər.
- Hər kəsi bir sual maraqlandırır. Nelson Bonilla “Zirə”də qalacaq yoxsa başqa kluba keçəcək?
- Bütün suallara mövsüm başa çatandan sonra aydınlıq gələcək.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi