Təmkin Xəlilzadə: "Adil Şükürov bizi yaxşı şəkildə motivasiya etdi" MÜSAHİBƏ

15:10 - 18 Aprel 2016

"Qismət olsa, avrokuboklara gedərik"
 
“Zirə”nin futbolçusu Təmkin Xəlilzadə “Xəzər Lənkəran”la (1:0) matçdan sonra Sportal.az saytına müsahibə verib.
 
- Oyun haqda fikirlərinizi bildirərdiniz...
- Çətin oyun keçəcəyini bilirdik. “Xəzər Lənkəran” gənc futbolçulardan ibarət olan yaxşı bir kollektivdir. Elbrus Məmmədova təşəkkür etmək lazımdır ki, belə komanda formalaşdırıb. Öz meydanımızda oynadığımız üçün qələbə qazanamağa borclu idik. Şükürlər olsun ki, istədiyimiz 3 xalı aktivimizə yazdıra bildik. Qarşıda “Neftçi” ilə çətin oyunumuz var. Həmin matça hazırlaşacağıq.
 
- Bəlkə, “Xəzər Lənkəran”ı yaxşı dəyərləndirmədiyiniz üçün çətinlik çəkdiniz?
- Belə deməzdim. Sanki bir az tələsirdik. Qol vurmaq üçün can atırdıq. Fasilədə Adil Şükürov bizə tapşırdı ki, səbrli oynayın. Məşqçimiz bizi 2-ci hissəyə yaxşı şəkildə motivasiya etdi.
 
- Adil Şükürov mətbuat konfrasnında bildirdi ki, “Zirə”nin adına yaraşmayan futbol sərgilədik...
- Bəzən belə oyunlar da olur. Nəzərə alsaq ki, çempionatın sonlarıdır.
 
- Oyuna 2-ci hissədə daxil oldunuz. Öz oyununuzla bağlı nə söyləyə bilərsiz?
- Əlimdən gələni etməyə çalışdım. 1-2 epizodda qola yaxın olsam da, şans məndən üz döndərdi. Amma etiraf etmək lazımdır ki, rəqib qolkiper də əla seyvlər etdi.
 
- Sonuncu dəfə 5 tur əvvəl “Qəbələ” ilə matçda start heyətdə yer almışdınız. Həmin səfər qələbəsindən sonra ehtiyat oyunçular skamyasında əyləşirsiniz...
- Bu, məşqçilər korpusunun verdiyi qərardır. Bütün qərarlara hörmətlə yanaşıram.
 
- “Zirə”nin avrokuboklara buraxılıb-buraxılmayacağı hələ dəqiqləşməyib. Çempionatı 2-ci pillədə başa vurub avrokuboklara yollanmamaq komandada ruh düşkünlüyü yaratmaz?
- Biz bu məsələlərlə maraqlanmırıq. Rəhbərlik bu işlərlə məşğuldur. Bizim əsas məqsədimiz mövqemizi daha da yaxşılaşdırmaq və xal ehtiyamızı artırmaqdır. Qismət olsa, avrokuboklara gedərik.
 
- Əgər avrokuboklara vəsiqə qazansaz, bu heyətlə nəyəsə ümid etmək olar?
- Əlbəttə olar. Hazırda 2-ci pillədəyik və pis oyun nümayiş etdirmirik.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti