7 qol vurub, amma...
Ötən mövsümün yekunlarına görə avrokuboklara vəsiqə qazanan və Avropa Liqasının qrup mərhələsinə düşməyi bacaran “Qəbələ” üçün cari mövsümü uğurlu saymaq olmur. Çünki mövsümün əvvəlində “Qarabağ”a çempionluq yolunda yeganə əngəl kimi məhz Roman Qriqorçukun komandası göstərilirdi. Lakin çempionatın sonuna 6 tur qalmış “Qəbələ” lider “Qarabağ”ın 23 xal gerisindədir və bu göstərici ilə yalnız 5-ci pillədə qərarlaşıb.
Düzdür, “İnter” və “Zirə”nin müxtəlif səbəblərdən avrokuboklara gedə bilməməsi “Qəbələ”ni rahatlayır. Digər tərəfdən ölkə kubokunun yarımfinalında olan “Qəbələ” mövsümü titulla başa vurmaq imkanını da əldən verməyib. Ancaq komandanın bu mövsüm sərgilədiyi oyun göz oxşamır. Ayrı-ayrılıqda bəzi oyunçuların da pis təsir bağışlaması Qriqorçukun işini çətinə salır ki, onlardan biri, bəlkə də birincisi onun həmyerlisi Aleksey Antonovdur. 30 yaşlı hücumçunun 7 qol vurmasına baxmayaraq, onun oyunu haqqında xoş sözlər demək olmur. Lakin onun “Qəbələ” ilə hələ 1 illik müqaviləsi qalır. Bu o deməkdir ki, Antonov növbəti mövsüm də “Qəbələ”də olacaq?
Bu sualı “Qəbələ”nin baş meneceri Zaur Əzizova ünvanladıq. Sportal.az saytına açıqlama verən klub rəsmisi həm Antonov, həm digərləri ilə bağlı qərarların mövsümün sonunda veriləcəyini dedi:
“Bəzi futbolçuların çıxışı bizi qane etmir. Ancaq önümüzdə çox vacib oyunlar var və belə bir məqamda komandada ab-havanı pozmamaq üçün gözləmə mövqeyi tutmuşuq. Mövsüm bitən kimi baş məşqçi ilə futbolçuların məsələsini müzakirə edəcəyik. Elələri var ki, nəticədən asılı olmayaraq onları saxlamağa çalışacağıq. Elələri də var ki, artıq onların bizə kömək edə bilməyəcəyini qətiləşdirmişik. Bütün qərarlar mövsüm bitəndən sonra veriləcək”.
Qeyd edək ki, ölkə kubokunu qazanmaq şansını saxlayan “Qəbələ” 27 aprel və 4 may tarixlərində “Neftçi” ilə yarımfinal oyunlarına çıxacaq.
saytlarin hazirlanmasi