"Neftçala"nın qolkiperi: "Millidən təklif almağı səbirsizliklə gözləyirəm" MÜSAHİBƏ

18:46 - 20 Aprel 2016

"Qeyri-adi bir hal baş verməsə, çempion biz olacağıq"
 
“Neftçala”nın gənc qolkiperi Əli Həsənli Sportal.az saytına müsahibə verib.
 
- Sabah çətin “Şahdağ” səfərindəsiniz. Bu oyun haqda fikirlərin necədir?
- “Şahdağ”la ilk oyunumuz elə də çətin keçməmişdi. Amma 2-ci dövrədə Qusar təmsilçisi yaxşı təsir bağışlayır. Buna görə də oyun çətin keçəcək. Lider olmağımıza baxmayaraq bizi sabah çox çətin matç gözləyir.
 
- “Neftçala”nın çempionluq şanslarını necə dəyərləndirirsən?
- Mövsüm başlayandan bunun üçün çalışırıq. İlk dövrə bizim üçün elə də çətin keçmədi. Amma ikinci dövrəyə bir az yaxşı başlamadıq. Ardıcıl xal itkilərdindən sonra özümüzə gəldik. Fikrimcə, qeyri-adi bir hal baş verməsə, çempion biz olacağıq.
 
- “Neftçala”nın uğurlarında sənin adın da hallanır. Amma milliyə dəvət almırsan. Bu haqda nə söyləyə bilərsən?
- Komandada mənə inanıblar və bu mövqeyi mənə etibar ediblərsə, ümidləri doğrultmalıyam. Bütün futbolçular istəyir ki, milli komandanın şərəfini qorusun. Mən üç il millimizin şərəfini qorumuşam və bu qürurvericidir. Yenidən təklif almağı səbirsizliklə gözləyirəm. Şans veriləcəyi təqdirdə özümü sübut etmək üçün əlimdən gələni edəcəm.
 
- Bəs, özünü milliyə layiq hesab edirsən?
- Açığı, buna millinin məşqçiləri qərar verməlidi. Mən sadəcə gündən-günə daha da inkişaf etmək üçün çalışıram.
 
- Kamal Quliyev saytımıza verdiyi müsahibədə bildirmişdi ki, Əli Həsənli Azərbaycanın ən yaxşı 2-3 qapıçısından biridir...
- Çünki Kamal müəllim məşqlərdə mənim nə qədər çalışdığımı görür və öz məsləhətlərini mənə verir. Kamal Quliyevi razı saldığım üçün çox xoşbəxtəm. Hər zaman yaxşı formada olmağa çalışıram.
 
- “Neftçala” ötən mövsüm I Divizionda çempion olsa da, Premyer Liqaya buraxılmamışdı. Bu mövsüm də belə söz-söhbətlər gəzir ki, “Neftçala”  Premyer Liqaya buraxılmayacaq...
- Bu hal baş versə, hamımız çox üzülərik. Biz sadəcə çempionluğumuzu rəsmiləşdirib, verilən qərarı gözləyəcəyik. İnanıram ki, haqqımız yerdə qalmayacaq.
 
- Mövsümün sonunda  Premyer Liqa klublarından təklif gəlsə, dəyərləndirmək fikrin var?
- Bu hal məni yalnız sevindirə bilər. İlk məqsədim odur ki, gənc qapıçı olmağıma baxmayaraq “Neftçala” ilə Premyer Liqada çıxış edim. Təkliflər gələcəyi halda isə düşünə bilərəm. I Divizionda nə qədər yaxşı oynasan da, gözə çarpmırsan. Mən arzularımı reallaşdırmaq istəyirəm. Amma ilk növbədə fikrim “Neftçala”dadır.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti