"Rəvan" dağılacaqsa, dağılsın! QEYD

14:00 - 21 Aprel 2016

Zirzəminin daimi sakini

 

Arxada qalan illər ərzində futbolumuzda xeyli sayda klub tarixin yaddaşına qovuşub. Onların arasında azarkeşlərin ürəyində iz qoyanlar da olub, sonradan adı heç yada düşməyənlər də. Deyəsən, bu mövsümün sonunda daha bir klubun mövcudluğu sona çatacaq, “Rəvan” daha olmayacaq.

 

Futbol camiəsinin kluar söhbətlərində artıq bu barədə xeyli müddətdir ki, şayiələr gəzir. Aylardır maaş almayan, maaş alanda da qəpik-quruşla ailə dolandırmalı olan klub üzvlərinin bu durumunu görəndə, “Rəvan”ın güzəranına acımamaq olmur. Məsələ yalnız pulda deyil. Misal üçün, maddi durumu heç də rəvan olmayan AZAL oyunu ilə Premyer Liqada rəqabət artırır, milliyə futbolçu göndərir. Bəs “Rəvan”? Bu klubun mövcudluğu kimə lazımdır? İllərdir qeyri-ciddi idarəçiliklə gülüş obyektinə çevrilən, qarşısına heç bir ciddi məqsəd qoymayan, günü-günə satan klub nəyə lazımdır?

 

Əslində, “Rəvan”ın başına gələnlərin başlıca günahkarı AFFA prezidenti Rövnəq Abdullayevdir, ikinci də klubun sahibi Nuru Əliyev. Yadınızdadırsa, 2013/14 mövsümünün gedişində Rövnəq Abdullayev heç bir klubun Premyer Liqanı tərk etməyəcəyini demişdi. Bu açıqlamadan sonra bütün diqqətləri kubok oyunlarına yönəldən “Rəvan” arxayınlaşmış, son pilləyə enmişdi. Sonradan AFFA prezidenti sözünü danmışdı və “Rəvan” aşağı diviziona yuvarlanmışdı. Yaşananlar klub rəhbərinə dərs olmalıydı ki, Rövnəq Abdullayevə bel bağlamaq olmaz. Amma...

 

Bu mövsüm üçün say hesabını düzəldə bilməyən AFFA rəhbərliyi tələm-tələsik “Rəvan”ı Premyer Liqaya dəvət elədi. Niyə “Turan”, “Şəmkir”, “Şahdağ”, “Zaqatala” və ya bir başqa bölgə klubu yox, məhz “Rəvan”? Rövnəq Abdullayevin bu anlaşılmaz qərarı nəticəsində iddiasız, gün keçirən komanda gördük çempionatda. Nuru Əliyevin səhvinə gəlincə, deyilənə görə, “Rəvan”ın razılıq verəcəyi halda AFFA maliyyə köməkliyini üzərinə götürməliydi. “Rəvan” razılıq verdi, ancaq AFFA vədinə xilaf çıxdı. Zaman göstərdi ki, Nuru Əliyev yenə yanlış adamlara güvəndi...  

 

Turnir cədvəlinin zirzəmisinin daimi sakininə çevrilən “Rəvan” bütün ümidlərini ona bağlayıb ki, “Xəzər Lənkəran”ı keçib mövsümü 9-cu pillədə başa vursun. Tutaq ki, bunu bacardılar. Sonra? Maddi durumu qaydasında olmayan, maaş verə bilməyən, arxasında azarkeş camiəsi olmayan bir klub nəyə qadirdir və ən əsası nəyə lazımdır?

 

SPORTAL.AZ 

Xəbər xətti