Qurban Qurbanov: "Vacib olan odu ki, əlində olan oyunçuları qoruyub saxlayasan"

21:52 - 22 Aprel 2016

"Ancaq hələ ki, onunla maraqlanmırıq"
 
Azərbaycan Premyer Liqasının 31-ci turunda evdə "İnter"i 2:0 hesabıyla məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, Qurbanov oyun barədə bunları deyib:
 
- Çox vacib 3 xal qazandıq. Bəzi futbolçular istədiyim oyunu sərgiləməsə də, nəticə istədiyimiz kimi oldu. "İnter"ə gələn oyunlarda uğurlar arzulayıram. Düzü, bu komandaya qarşı daha iki oyunumuz var. Bəlkə də, buna görə rəqib öz gücünü gizlətdi. Düşünürəm ki, bu oyun bizi rahatlaşdırmamalıdı.
 
.- "İnter" Azərbaycanın ən samballı klublarından biridi. Bu gün "Qarabağ" bu kluba tək ayaqla qalib gəldi...
- Avrokuboklara qatılmaq üçün ilk öncə Azərbaycan çempionatında yüksək yerlər tutmalıyıq. Komandamızda bəzi çatışmazlıqlar var. Çalışacağıq bunu aradan qaldıraq.
 
- Heyət sarıdan korluq çəkmədiyinizi, hətta əsas heyəti tərtib edərkən çətinlik çəkdiyinizi demişdiz...
- Vacib olan odu ki, əlində olan oyunçuları qoruyub saxlayasan. Mövsümün sonuna doğru futbolçuların bir çoxunda yorğunluq olacaq. O ki qaldı sistem dəyişikliyinə, fikrimcə bunun üçün vaxtımız olacaq. Mövsüm bu il bir az tez bitəcək. Bu da bizə yaxşı istirahət etmək üçün yaxşı imkan verəcək.
 
- Bu yaxınlarda "Zirə"nin prezidenti Vüqar Astanov avrokuboklara gedəcək klublara öz oyunçularını icarəyə verə biləcəyini deyib...
- Düşünmürəm ki, hansısa klub yalnız avrokubok üçün oyunçu götürsün. Bunu düzgün saymıram. İnanmıram ki, hansısa məşqçi buna razı olsun. Əlbəttə, o, bunu yaxşı niyyətlə deyib. Ancaq mənim fikrimcə buna ehtiyac yoxdu.
 
- Ümumiyyətlə, Bonillanın komandaya keçməsi mümkündü? Nəzərə alaq ki, mövüsmün sonunda klubla müqaviləsi bitir.
- Bonilla bu mövsüm yaxşı çıxış edir. Ancaq hələ ki, onunla maraqlanmırıq. Biz əsasən, əlimizdə olanları qoruyub saxlamağa çalışırıq. İndiki heyətə bir neçə futbolçu əlavə etməyi düşünürük.
 
- Reynaldo bu gün də fərqləndi. Baxmayaraq ki, uzun müddət zədəli qalmışdı..
- Reynaldo hələ ki, tam hazır deyil. Əsasən, son zərbələri vurmaqda çətinlik çəkir. Reynaldo sürətli futbolçudu. Bunun üçün də əzələləri daim güclü olmalıdı. Bu oyunda isə onun öz formasından bir qədər uzaq olduğunu gördük. Ancaq o, öz üzərində çalışır. Zədədən sonra daha həvəslə çalışır.
 
- Aqolli oyun epizodalarından birində hakimə etiraz etdi. Deyəsən, onun bu hərəkətinə əsəbiləşdiz.
- Bəli, oyundan öncə futbolçulara hakimlə mübahisə etməməyi tapşırmışdım. Həmin epizodda Aqolli hakimə etiraz etdiyi üçün əsəbiləşdim. Həm də ki, Kintana və Miçelə də əsəbiləşdim. Çünki, hakim Rəvan xırda epizodalara görə oyunu çox saxlamır, açıq oyuna üstünlük verən hakimdi. Ona görə də, adi epizodlara görə onunla mübahisə etməyə gərək yoxdu.
 
- Reynaldoya "Qarabağ"a ağır zədədən sonra gəlmişdi. "Anderlext"dən gecə klublarına çox getdiyinə görə ayrıldığı deyilirdi. Bir müddət öncə Reynaldonun Bakıda da gecə klublarına getdiyi barədə xəbərlər yayılmışdı. 
- Belə bir şey olub? Şəkli çıxıb hardasa? (gülür) Mənim xəbərim yoxdu. Birinci dəfə bu barədə eşitdim. Hər halda belə bir şey olubsa, danışmaq olar.

Xəbər xətti