"Mənim ürəyim "Kəpəz"lə döyünür"
Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində doğma meydanda "Kəpəz"i qəbul edən "Sumqayıt" 2:3 hesabı ilə məğlub olub.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyunsonrası keçirilən mətbuat konfransında "Kəpəz"ın baş məşqçisi Şahin Diniyev bunları qeyd edib:
"Hesabda geri düşdükdən sonra, "comeback" etmək çətindir. Lakin, bunu bacardıq. Avrokuboklara getmək üçün yaxşı şansımız var. Mövsümü medalla başa vurmaq istəyirik. Bu, bizim üçün tarix olacaq. "Sumqayıt" gözəl oyun nümayiş etdirir. Sadəcə, son nöqtəni qoya bilmirlər. Onlara uğurlar arzulayıram. 75 dəqiqə yaxşı oyun göstərdik. 3:1 hesabından sonra bir az müdafiəyə önəm göstərdik. Amma, qələbəni haqq edirdik"
- Bu heyətlə avrokuboklarda nəyəsə ümid etmək olar?
- Bu komanda güclənməlidir. Büdcəmizə görə hərəkət etməliyik. Azarkeşlərimizə bunu hədiyyə etməliyik.
- Şahin Diniyevin adı "Neftçi" ilə hallanır...
- Mənim adıma xoşdur. Ancaq mənim ürəyim "Kəpəz"lə döyünür. Özünə hörmət edən məşqçi mövsümün ortasında başqa klubla danışıq aparmaz. Heç kimlə bu barədə danışmamışam. Ən böyük xoşbəxtlik odur ki, gəncəli azarkeşlər qələbəmizdən sonra sevinirlər.
saytlarin hazirlanmasi