Ramazan Abbasov: "Həmin borcları AFFA verəcək" MÜSAHİBƏ

00:13 - 25 Aprel 2016

"Nəinki kapitan, hər kəs bir-birinə dəstək olur"
 
Premyer Liqanın XXXI turunda "Rəvan” doğma meydanında AZAL-ı 1-0 hesabı ilə məğlub edib.
 
Oyundan sonra "Rəvan”ın kapitanı Ramazan Abbasov Sportal.az-a müsahibə verib:
 
- Əsas rəqibiniz "Xəzər Lənkəran”la xal fərqini heçə endirdiniz. Bu barədə fikirləriniz necədir?
- Əlbəttə, biz 3 xal qazanmağa və "Xəzər Lənkəran”a çatmağa çalışırdıq. Sonuncu turda da "Xəzər Lənkəran”la oyunumuz var. Çalışacağıq ki, həmin oyuna  qədər "Xəzər Lənkəran”ı 3 xal qabaqlayaq və cənublularla oyuna rahat çıxaq. AZAL-da yaxşı rəqib idi. Mövsüm ərzində Tərlan Əhmədovun komandasına 2 dəfə məğlub olmuşduq. Bu görüşü revanş matçı adlandırmaq olardı. 
 
- AZAL ən güclü rəqiblərini məğlub edib "Rəvan”a yenildi. Düşünmürsən ki, AZAL meydana arxayın çıxmışdı? 
 -Ola bilər. Dediyim kimi, mövsüm ərzində bizi məğlub etməyi bacarmışdılar. Yəqin ki, bugünkü oyun daha asan keçəcəyini düşünüblər. 
 
- Komandada maliyyə durumu necədir? Maaşlarınızı ala bilirsiniz?
- Bu ilin geridə qalan aylarının maaşlarını almışıq. Ötən ilin əmək haqqları  qalıb. Deyirlər həmin borcları AFFA verəcək. 
 
- Bir kapitan kimi komandanı motivasiya edib oyunlara çıxarmaq sənin üçün çətin deyil?
- Nəinki kapitan, hər kəs bir-birinə dəstək olur. Bir-birimizi başa düşürük. Sag olsun uşaqlar arasında qarşılıqlı hörmət var. Hər şeyin fonunda sonuncu pillədən qurtulmağa çalışırıq. 
 
- Komandanın gələcəyi ilə bağlı nəsə deyilirmi? 
- Son məlumatıma görə, 1 pillə irəliləməyi bacarsaq komanda yaşayacaq. 9-cu pilləyə yüksəlmək üçün əlimizdən gələni etməyə çalışırıq.
 
- Gələcək karyeranla bağlı nə deyə bilərsən?
- İlk növbədə öz oyunum haqqında fikirləşirəm. Gələn il nə olacağını indidən bilmək olmaz. "Rəvan” Premyer Liqada qalsa, danışıqlar aparacağıq. Hələlik 100 faizlik təklif almamışam. Amma söz-söhbətlər var. Dəqiq nəsə olsa, biləcəksiniz. 

Xəbər xətti