Qurban Qurbanovun səhvi, yoxsa "Qarabağ"ın yeni tapıntısı? QEYD

11:00 - 25 Aprel 2016

Qış fasiləndən sonrakı Miçel

 

Müasir futbolda ən vacib şərtlərdən biri transfer çalışmalarını düzgün yerinə yetirməkdən ibarətdir. Bu o qədər həssas məsələdir ki, ən ünlü klublar da zaman-zaman transferlərdə xətalara yol verirlər. Belə hallar əsasən əcnəbi futbolçuların keçidləri zamanı yaşanır. Fərqli ölkəyə, fərqli mentalitetə, fərqli futbol ab-havasına uyğunlaşmaq heç də hər futbolçuya rahatlıqla başa gəlmir.

 

Azərbaycan çempionatının səviyyəsi yüksək olmasa da, legionerlər Premyer Liqaya alışmaqda çətinlik çəkirlər. Arxada qalan illər ərzində bura kimlər gəldi, kimlər getdi, ancaq çoxları özünü doğrulda bilmədi. İddialı klublarımız üçün transferlər daha böyük məsuliyyət daşıyır. Ucuz legionerlər özünü doğrultmayınca, bu, o qədər də diqqətləri cəlb etmir. Bahalı legionerlərin uğursuzluğu isə dərhal hədəfə gəlir. Bu baxımdan “Qarabağ”ın işi digərlərindən daha çətindir. Hərçənd Premyer Liqanın ən güclü legionerləri məhz “Qarabağ”da toplaşıb. Reynaldo, Riçard Almeyda, Ansi Aqolli, Dani, Muarem və digərləri yalnız bizim Premyer Liqada deyil, həm də ardıcıl iki ildir ki, Avropa Liqasının qrup mərhələsində heyəti bahalı futbolçulardan ibarət, sanballı büdcəyə sahib klublarla başabaş mübarizə aparırlar.    

 

Bu mövsümün əvvəlində “Qarabağ”ın heyətində yeni legionerlər peyda oldu ki, onların arasında oyunuyla ən az diqqət çəkəni “Makkabi” (Hayfa) klubundan gəlmiş Migel Madera idi. Orta sahədə çıxış eləyən Miçel astagəlliyi ilə haqqında mənfi fikirlər yaradırdı. Artıq çoxları onun “Qarabağ”a uyğun futbolçu olmadığını qətiləşdirmişdi. Hətta zənn etmək olardı ki, qarşılıqlı razılıq əsasında qış transfer pəncərəsi zamanı ona qapını göstərəcəklər. Ancaq Qurban Qurbanov fərqli davrandı, həm onu komandada saxladı, həm də ona olan güvənini göstərdi. Və qış fasiləsindən sonra Miçel tam fərqli oyun sərgiləməyə başladı. Dayaq yarımmüdafiəçisi mövqeyindən bir qədər irəliyə keçirilən, hücumun arxa zonasında tez-tez görünməyə başlayan ispan həm qolları, həm də məhsuldar ötürmələri ilə göz oxşamağa başladı. Son müsahibələrində özü də qeyd edib ki, artıq “Qarabağ”ın oyun üslubuna alışmağa başlayıb.

 

Bəs, Miçelin hansı keyfiyyətləri Qurban Qurbanovun nəzərini cəlb etmişdi? Yəqin ki, ilk növbədə ağıllı oyunu. Çünki Miçel futbolu gücü hesabına yox, ağlı hesabına oynamağa çalışanlardandır. Düzgün zonada topu qəbul eləyir, maksimum çalışır ki, yersiz top itkisinə yol verməsin, müdafiəyə ilə hücum arasında qısa ötürmələr hesabına rabitə yaratmaq üçün doğru seçimlər edir və s.

 

Miçel barədə daha dəqiq rəy vermək üçün avrokubok oyunlarını gözləmək daha doğru olar. İspan futbolçu həmin matçlarda da öz oyununu ortaya qoya bilsə, onu “Qarabağ” üçün yeni tapıntı hesab etmək mümkün olacaq.

 

SPORTAL.AZ

Xəbər xətti