Röya ilə əməkdaşlıq AFFA-ya neçəyə başa gəlir? FANTASTİK RƏQƏM!

15:52 - 26 Aprel 2016

Röyanın hər dəqiqəsi qızıl qiymətinədi
 
Mayın 5-də paytaxtımızda start götürəcək 17 yaşadək futbolçular arasında Avropa çempionatını çoxları səbrsizliklə gözləyir. Bu yarış Azərbaycanın futbol tarixində yeni bir səhifə açacaq. Həm qitənin ən məşhur yığmalarının Bakıya gəlməsi, həm də öz millimizin belə mötəbər yarışa qatılması tarixi hadisədir. 
 
Azərbaycan futbolunun tarixində 17 yaşlıların çempionatı xüsusi yer turur. Belə ki, həmyerlilərimiz Arif Əsədov, Vəli Qasımov və Tərlan Əhmədov hələ SSRİ dönəmində bu böyük ölkənin müvafiq yaş qrupu üzrə seçmə komandasına düşə biliblər. Hər üç futbolçu SSRİ-ni təmsil edən komandanın heyətində Avropanın ən güclüsü olmağı, cempion adını qazanmağı bacarıb. Azərbaycan futbolunun digər yetirməsi Vladislav Qədirov isə dünya çempionluğuna qədər yüksəlib.
 
Deməli, 17 yaşlı futbolçu nəsli Azərbaycan üçün uğurlu nəsildi. Bizim futbolun yetirmələri həmin yaş həddində özlərini göstərməyə nail olurlar. Hazırda Təbriz Həsənovun başçılıq etdiyi millidə yer alan yeniyetmə futbolçular bu məqamı diqqətə almaqla daha da həvəslənə, öz güclərinə inana bilərdilər. Amma qəribədi ki, AFFA çempion veteranlara diqqət ayırmır, bu adların Azərbaycan futbolunda varlıqları ümumiyyətlə, unudulub. Əks halda Avropa çempinatının püşkatma mərasiminə həmin 4 futbolçu qonaq qismində dəvət olunar, əcnəbilər də bizim futbolun tarixini görər, çempionlarımızın varlığından xəbər tutardılar. Eləcə də, Tərlan Əhmədov, Arif Əsədov, Vəli Qasımov və Vladislav Qədirovu Avropa çempionatının təbliğinə cəlb etmək, onların gənc futbolçularla intensiv görüşlərini keçirmək hər kəs üçün faydalı olardı.
 
Qazandıqları uğurlarla öyünməyə haqqı olan futbol veteranlarını unudan AFFA başbilənləri əvəzində bütün gücünü şou-biznes "ulduzları"na qoyub. Əməkdar artist, müğənni Röya AFFA-nın əsas təbliğat vasitəsinə çevrilib. Bakının orta məktəblərini o gəzir, püşkatmada ön planda o olur, yeniyetmə futbolçuları qələbəyə kökləmək üçün də ondan istifadə olunur. Maraqlıdı, Röyanın futbolu təbliğ etməsi AFFA-ya, Azərbaycan futboluna nə qazandıracaq? Bu suala cavab vermək çox çətindi. Amma məlum məsələdi ki, futbol qurumunun bu əyləncəli təbliğatı yetərincə bahalı məşğuliyyətdi.
 
Azərbaycanda yaşayan hər kəs bilir ki, Röya elit müğənnilər sırasına daxildi və o qızıldan da dəyərli vaxtının bircə saniyəsini də boşa vermək istəməz. Deməli, AFFA üçün mahnı oxuyan, müxtəlif görüşlərə gedən müğənni verdiyi dəstəyin, adının istifadəsinin və ən əsası itirdiyi vaxtın əvəzində AFFA-dan yaxşı qonorar alacaq. Bu rəqəmi dəqiqləşdirmək üçün AFFA-ya, yaxud müğənninin özünə müraciət etmək faydasızdı. Onsuz da tərəflərdən heç biri dəqiq rəqəm açıqlamayacaq, söhbəti uzaqlara aparacaqlar.
 
Eyni zamanda sadə bir riyazi hesablamayla AFFA-nın bu bahalı və əyləncəli təbliğata görə nə qədər xərcə düşdüyünü təxminən müəyyənləşdirmək olar. Bu işdə bizə yardımçı olması üçün şou-biznes və mədəniyyət sahəsində tanınmış jurnalist, "Ölkə.az" saytının əməkdaşını İntiqam Valehoğluna müraciət ünvanladıq. Ondan Röyanın bir toya neçəyə getməsini dəqiqləşdirmək bizim üçün kifayət idi. Həmkarımız sualımıza belə cavab verdi: "İndiyə qədər Röyanın bir toyda sona qədər oxumasını eşitməmişəm. Amma bilirəm ki, Röyə ən bahalı müğənnilərdəndi, onu öz toyunda görmək istəyənlərin uzaqbaşı bir saatlıq belə şansı olur. Özünü çox da yormaq istəməyən müğənni, adətən toylarda yarım saat iştiraka razılaşır. Bu 30 dəqiqə üçün toy sahibi 6 min manat ödəməlidi. Xoş təsadüf nəticəsində Röya xanım hansısa toyda bir saat oxumağa razı olsa, ödəniş 10-12 min manat arasında dəyişəcək".
 
Göründüyü kimi, Röyanın hər dəqiqəsi qızıl qiymətinədi. Tanınmış müğənni AFFA üçün özünü oda-közə vurur. Onun Avropa çempionatının püşkatmasına qatılmasını, yarışın rəsmi mahnısını oxumasını, orta məktəblərdəki görüşlərini və millinin düşərgəsinə baş çəkməsini hesablasaq, ortaya fantastik bir rəqəm çıxır. Bu tədbirlərə üst-üstə azı 10-15 saat sərf edəcək əməkdar artistin futbol qurumundan azı 100-150 min manat qonorar alacağı şübhəsizdi. 5 aşağı, 3 yuxarı "Röyalı təbliğata" xərclənən məbləği hesabladıq. Həmin təbliğatın bizə nə qazandıracağını isə heç zaman da göstərməyəcək. 
 
Sport7.az

Xəbər xətti