"Onlar hələ də, bu hissin, həyəcanın nə olduğunu dərk etmir"
Premyer Liqanın XXXI turunda AZAL doğma meydanında "Xəzər Lənkəran”ı 1-0 hesabı ilə məğlub edib. Oyundan sonra AZAL-ın kapitanı Rail Məlikov Sportal.az-a müsahibə verib:
- "Rəvan”a məğlubiyyət bizim üçün çətin idi. "Rəvan”a yuxarıdan-aşağı baxmışdıq. Düşünürəm ki, "Rəvan”dan layiqincə cavab aldıq. Bilirdik ki, "Xəzər Lənkəran”la matç çətin olacaq. Cənub təmsilçisi çox yaxşı komandadı. Yaxşı oyun nümayiş etdirdik və qələbə qazandıq. Uşaqlar yaxşı oynadılar. Bu gün verilən bütün tapşırıqları layiqincə yerinə yetirdik.
- İlk hissədə istənilən oyun sərgiləmədiniz. "Xəzər Lənkəran”a da yuxarıdan-aşağı baxırdınız?
- Ola bilər ki, bəzi oyunçularda bu hal baş versin. Bəzilərinin biliyi, bacarığı buna yetmir və oyuna soyuq yanaşırlar. Biz son oyunlarda ilk 15-20 dəqiqədə çox pis oynayırıq. Bu, bizə dərs oldu. Bir-iki epizodda müdafiəçilərimiz və qapıçımız yaxşı oynayaraq "Xəzər Lənkəran”ın fərqlənməsinə imkan vermədi. İkinci hissədə isə komanda şəkilində oyandıq.
- Ola bilər ki, mövsümün sonudu və komandanın gücü tükənib...
- Hər şey ola bilər. Üzərimizdə yorğunçuluq və təzyiq var. Yəni, heç kim bizim bu yerə gəlib çıxacağımızı düşünmürdü. Hər tərəfdən komandaya təzyiq var. Çalışırıq ki, bütün təzyiqləri aradan götürək və oyunumuza diqqət edək.
- Bu gün əsl kapitanlıq göstərib zədəli-zədəli oynadın. Özün əvəzlənmək istəmədin, yoxsa?
- Çox ciddi zədə almışdım. Həkimlər də bunu bildirdilər. Sabah MRT müayinəsindən keçməliyəm. Uşaqlara təşəkkür edirəm. Tək ayaqla olsa da, onlara kömək etməyə hazıram. Onlar mənim kiçik qardaşlarımdı. Ona görə də oyunu tərk etmədim.
- Çempionat başa çatmaq üzrədir. Premyer Liqanın səviyyəsi sizi qane edirmi?
- Ötən il Azərbaycan çemionatında oynamamışam. Amma Premyer Liqa oyunlarını izləyirdim. Düşünürəm ki, ötənilki səviyyə ilə eynidi.
- Avrokubokların "nəfəsini” hiss edirsinizmi?
- Əlbəttə, hiss edirik. Heyətimizdə gənc oyunçularımız var. Onlar hələ də, bu hissin, həyəcanın nə olduğunu dərk etmir. Hər məşqdə futbolçularımıza bunun bizim üçün gələcəyə aparan yol olduğunu deyirəm. Əgər gənc oyunçularımız Avropada yaxşı futbol sərgiləsələr, xarici menecerlərin diqqətini öz üzərlərinə cəlb edə bilərlər. Bu, bizim üçün stimul olmalıdı.
- Növbəti turda "Neftçi” ilə qarşılaşacaqsınız. "Neftçi” ilə oyun sizin üçün hər hansı önəm kəsb edir?
- Yox. İndi "Neftçi”də "Neftçi”lik qalmayıb. Ona görə də oyunun mənim üçün hər hansı önəmi yoxdur. Adi oyunlardan birinə çıxacağıq.
- Futbolda dəyişikliklər gözləniləndir. Komanda avrokuboklara vəsiqə qazandı, büdcə artırıldı, heyətə yeni legionerlər cəlb olundu və bəzi futbolçularla yollar ayrıldı. Bəs, il ərzində 500 manata oynayan futbolçuları necə başa düşmək olar?
- Əlbəttə ki, o 500 manata görə məndə burda oynayıram. Bunu gizlətməyin mənası yoxdur. Hələ heç nə bilinmir. Yeni komanda qurulsa kimsə burdan gedəcək. Bəlkə uşaqların hamısı komandada qalacaq. Halallıq olmalıdı. Tərlan müəllim də bunu nəzərə alıb.
saytlarin hazirlanmasi