"Xəzər Lənkəran"a keçdiyimə peşman olmamışam" MÜSAHİBƏ

00:45 - 1 May 2016

"Çempionat başa çatmamış bu barədə danışmaq düzgün deyil"
 
Azərbaycan Premyer Liqasının XXXII turunda "Xəzər Lənkəran” səfərdə AZAL-a 1-0 hesabı ilə məğlub olub. Oyundan sonra cənub təmsilçisinin üzvü Vüqar Bəybalayev Sportal.az-a müsahibə verib: 
 
- Oyuna çox yaxşı başlamışdıq. Doğrudan da qol vurmaq üçün xeyli sayda qol imkanlarımız oldu. Lakin yenə də qol epizodlarından yararlana bilmədik. Bilmirəm bunu bəxtsizliklə əlaqələndirmək olar ya yox. Fasilədən sonra çox zəif oynadıq. Bunun nəticəsində də qapımızda qol gördük. Müdafidə etdiyimiz ani diqqətsizlik məğlub olmağımıza səbəblərdən biri oldu. 
 
- "Xəzər Lənkəran”ın qələbəsiz oyunlarının sayı 20-ni keçib...
- Məğlub olduğumuza görə çox təəssüflənirəm. Bu gün qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Meydana yalnız xal qazanmaq niyyəti ilə çıxmışdıq. Amma bacarmadıq. Çalışacağıq ki, növbəti oyunlarımızda azarkeşlərimizə xallar hədiyyə edək.  
 
- Buraxdığınız qoldan sonra klub rəhbərliyi stadionu tərk etdi. Buna münasibətiniz necədir?
- Bundan xəbərsizəm. Klub rəhbərliyinin oyunu stadiondan izləməsindən xəbərdar deyildim.  Oyun zamanı yalınız meydançaya və oyunumuza diqqət yetirirəm. 
 
- Belə fikir yaranır ki, "Xəzər Lənkəran”ın futbolçuları meydanda çox aqressivdirlər. Həqiqətən belədir, yoxsa kənardan belə görsənir?
- Meydana daxil olduqda yalnız qələbə barədə düşünürük. Qol buraxanda və ya real qol şansını qaçıranda hamı əsəbi olur. Bu da yaxşı hal deyil. Növbəti oyunlarda qələbə qazanıb, gərginliyi öz üzərimizdən atmağa çalışmalıyıq. 
 
- Demək olar ki, Premyer Liqanı tərk edəcək komandanın adı son turda keçiriləcək "Rəvan” – "Xəzər Lənkəran” oyununda müəyyənləşəcək?
- "Rəvan”la oyunun bizim üçün necə vacib matç olduğunu bilirik. Həmin görüşə qədər "Rəvan”la aramızdakı xal fərqini artırmağa çalışacağğıq. Məqsədimiz  sonuncu tura qədər Premyer Liqadakı yerimizi qorumaqdır. 
 
- Son zamanlar adın "Zirə” ilə birgə hallanır. Bu komandandan təklif almamısan?
- Çempionat başa çatmamış bu barədə danışmaq düzgün deyil. Düşünürəm ki, bu, "Xəzər Lənkəran”a qarşı haqsızlıq olar. Hazırda yalnız qarşıdakı oyunlarımız barədə düşünürəm. 
 
- Mövsümün ilk yarısını "Rəvan”da keçirdin. "Xəzər Lənkəran”a keçməkdə peşman deyilsən?
- Yox, peşman olmamışam. 
 
- "Xəzər Lənkəran”da özünü yaxşı tərəfdən göstərməyi bacarırsan. Bu fikirlə razısan?
- Bəli, razıyam. Həqiqətən də "Xəzər Lənkəran”da özümü yaxşı tərəfdən göstərməyi bacarıram. "Xəzər Lənkəran”a keçmək mənim üçün yaxşı oldu. Burada çox "artırdım”. Məşqçimizin də tələbi fərqlidir. 

Xəbər xətti