Nuqzar Kvirtiya: "Neftçi" ilə matç altı xallıq olacaq" MÜSAHİBƏ

13:40 - 1 May 2016

"Həyat yoldaşım demişdi ki, qol vursan gələcək övladımıza həsr et"
 
AZAL-ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya "Xəzər Lənkəran"la (1:0) matçdan sonra Sportal.az saytına müsahibə verib:
 
- Oyun haqda fikirlərinizi bildirərdiniz...
- Həyəcanlı oyun alındı. Çünki bu tura qədər "Rəvan"a uduzmuşduq və bütün uşaqlar da "Xəzər Lənkəran" matçını səbirsizliklə gözləyirdi. Mövsümü sonudu deyə, bütün xallar çox dəyərlidi. Artıq dörd tur qalıb və istəyirik ki, bütün matçlarda üç xal qazanaq. "Xəzər Lənkəran"a qarşı matçı da evdə oynayırdıq, istəyirdik ki, qalib gələk. İlk yarıda oyunumuz hardasa alınmadı. Ancaq fasilədə Tərlan Əhmədov bizə öz tapşırıqlarını verdi və şükür Allaha çıxdıq qolumuzu vurduq. 
 
- "Xəzər Lənkəran" oyuna çox yaxşı başlamışdı. Matçın ilk dəqiqələrindən də qol epizodları var idi. Fasilədə nə dəyişdi ki sizdə qalib gəldiz?
- Bütün həftəboyu Tərlan müəllim deyirdi ki, "Rəvan"la oyunu unudub "Xəzər Lənkəran" matçına yaxşı hazırlaşmaq lazımdı. "Xəzər Lənkəran"dakı oyunçular da son ana kimi mübarizə aparırlar. Elə ilk dəqiqələrdən də qapımıza çoxlu zərbələr endirdilər. 
 
- Bəlkə rəqibin bu oyunu sizi çaşdırmışdı?
- Xeyr. Tərlan müəllim bizi buna hazırlamışdı. Sadəcə biz çox ötürmə edə bilmədik. Sonradan isə yavaş-yavaş özümüzə gəldik, həmişəki kimi oyunumuzu oynaya bildik. 
 
- Oyuna çıxdın və qolunu vurub komandaya qələbə qazandırdın. Qol sevincini də xüsusi qeyd etdin...
- Həyat yoldaşım hamilədi. Mənə demişdi ki, qol vursan gələcək övladımıza həsr et. Şükür Allaha belə də alındı. 
 
- İkinci yarıda hesab daha böyük ola bilərdi. Ancaq vura bilmədiniz...
- Əslində mən vurduğum qol zamanı, topu Adan Koronado vurmalı idi. Sadəcə mənə ötürmə kimi alındı. Sonradan da özünüz qol epizodu var idi. Aleksandr Qurulinin də qol imkanını unutmaq olmaz. 
 
- AZAL avrokuboklar uğrunda mübarizəsini davam etdirir. Qarşıdakı turda "Neftçi"nin qonağı olacaqsız...
- Biz hər oyunda qələbəyə oynayırıq. Əsas odu qələbəmizi qazanaq və avrokuboklar uğrunda mübarizəmizi davam etdirək. "Neftçi" və "Zirə" ilə oynayacağıq ardıcıl olaraq. Təbii ki, rəqibin oyununu şərh etmək istəmirəm. Mən bizim komandamıza fikir verirəm. "Neftçi" flaqmandı və adı da var. Ola bilər ki, bu il onlarda nəsə alınmadı. Ancaq onlara qarşı oyun çətin keçəcək. 
 
- Bu matçı final görüşü adlandırmaq olar?
- Final deyə bilmərəm, ancaq əsas oyunlardan biridi. Derbi kimi oyundu. Bu matç altı xallıq olacaq. Çox maraqlı və gərgin oyun olacağı dəqiqdi.

Xəbər xətti