"Əksinə, son 4 oyun bizim üçün çox vacibdir"
Azərbaycan Premyer Liqasının XXXII turunda "Qarabağ” səfərdə "Zirə”ni 2-0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ”ın futbolçusu Qara Qarayev jurnalistlərin fikirlərini bildirib:
- Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu oldunuz. Bu barədə nə deyə bilərsiniz?
- Bu, bizim uğurumuzdur. Gələcəkdə evimizin ən dəyərli yerindən asacağımız 1 medal qazandıq. Düşünürəm ki, bütün "Qarabağ” ailəsi və "Qarabağ” sevərlər bu qələbəyə layiq idi. Onların hər birini təbrik edirəm. Çalışacağıq ki, oyunlarımızdakı stabilliyi qoruyub saxlayaq.
- Çempionluğu rəqib meydançasında qeyd etmək necə hissdir?
- Çempionluğu rəsmiləşdirsək də son oyunumuz doğma divarlar arasındadır. Kuboku öz meydanımızda başımız üzərinə qaldıracağıq. Düşünürəm ki, bu daha gözəl olacaq.
- Çempionluğu necə qeyd edəcəksən?
- Rəhbərlik necə qərar versə, elə də qeyd edəcəyik. Düşünmürəm ki, hər hansı böyük bir tədbir keçirilsin. Çünki son günlərdə ölkəmiz hər gün bir şəhid verir. Fürsətdən istifadə edib çempionluğu şəhidlərimizə ərməğan edirik.
- Ötən mövsüm olduğu kimi, qızıl dubl etmək mümkün olacaq?
- Kubokda da maksimum nəticə qazanmağa çalışacağıq. Hər kəs uğur qazanmaq istəyir. Buna nail olsaq bizim üçün çox böyük xoşbəxtlik olacaq. Çünki "Qarabağ” adına hamı yaxşı nəticə qazanmaq istəyir.
- Çempionatın son turlarındakı oyunlar sizin üçün sıxıcı olmayacaq?
- Əksinə, son 4 oyun bizim üçün çox vacibdi. Çünki avrokuboklara hazırlıqlı olmaq üçün, bu oyundalarda özümüzü yaxşı tərəfdən göstərməliyik. Düşünürəm ki, rahatlaşmaq bizim üçün Avropa kuboklarında bizim üçün problem yaradar. Qurban Qurbanov da tapşırıb ki, son oyunlara qədər ciddiyəti qoruyub saxlamalıyıq.
saytlarin hazirlanmasi