Rəşad Sadıqov: "Qarabağ" heç vaxt, heç kimə güzəştə getmir, getməyəcək də"

00:28 - 2 May 2016

"Amma bu mövsüm elə hallar yaşanmadı"
 
Azərbaycan Premyer Liqasının XXXII turunda "Qarabağ” səfərdə "Zirə” üzərində 2-0 hesablı qələbə qazanıb. Bu qələbə sayəsində Ağdam klubu ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olmağı bacarıb.

Sportal.az xəbər verir ki, matçdan sonra "Qarabağ”ın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb: 
 
- Çox çətin və vacib qələbə qazandıq. Düşünürəm ki, ilk hissəyə nisbətən ikinci hissədə daha yaxşı təsir bağışladıq. Çempionluğu məhz "Zirə” ilə oyunda təmin etmək istəyirdik. İstəyimizə çatdığımız üçün çox sevincliyəm.
 
- Matçdan öncə "Qarabağ”ın "Zirə”yə güzəşt edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Amma meydanda bunun tam əksini gördük...
- "Qarabağ” heç vaxt, heç kimə güzəştə getmir, getməyəcək də. Heç vaxt belə hallar baş verə bilməz. Meydanda doğma qardaşım da olsa, ona güzəştə getməyim mümkün deyil. 
 
- Necə düşünürsən, ötən mövsüm olduğu kimi bu mövsümdə də "Qızıl dubl” edə biləcəksiniz?
- Bu barədə danışmaq tezdir.  Bizi qarşıda kubokun cavab oyunu gözləyir. Biz hələ də finala yüksəlməmişik. 
 
- Bu dəfə "Qarabağ”ın daha asan çempion olması fikri ilə razısınızmı?
- Xeyr, bu fikirlə razı deyiləm. Sadəcə, komandamız daha təcrübəlidir. Əvvəlki çempionluqda komanda 10-12 xal fərqi ilə önə keçdikdən sonra futbolçularda müəyyən qədər arxayınlıq yaranırdı. Ard-arda xallar itirirdik. Amma bu mövsüm elə hallar yaşanmadı. 
 
- Çoxları bu gün "Qarabağ”ın qarşısıalınmaz olduğunu düşünür. Bu fikirlə razısınız?
- Xeyr. Bütün ölkələrdə çempion yalnız 1 komanda olur. Hansısa favorit komandanın oyunu alınmır. Ola bilər ki, növbəti mövsüm bizim də oyunumuz alınmasın. Bu, futboldur və hər şey ola bilər. 
 
- Çempionluğu necə qeyd edəcəksiniz?
- Xüsusi şəkildə qeyd etməyəcəyik. Buna vaxtımız yoxdur. Qarşıdan vacib oyunlar gəlir. 
 
- Yəqin ki, istirahətə ehtiyacınız var...
- Təbii ki, istirahətə ehtiyacımız var. Amma təəssüf ki, buna vaxtımız yoxdur. Qarşıdan kubok, milli komandanın oyunları, daha sonra da avrokuboklar gəlir. 

Xəbər xətti