Vurğun Hüseynov: "Karyeramda belə bir mövsüm keçirməmişəm" MÜSAHİBƏ

11:26 - 2 May 2016

"Öz üzərlərində çalışsalar, ustalıq səviyyələri də artacaq"
 
“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov "İnter"lə (2:2) matçdan sonra Sportal.az saytına müsahibə verib
 
- Oyunla bağlı fikirlərinizi bildirərdiniz...
- Deyəcək bir söz yoxdur. Nə deyim? Bu qədər qol şanslarını sağa-sola xərclədik. Gənc futbolçularımız qol fürsətlərindən istifadə edə bilmədilər. Ayaz Mehdiyev və Nicat Muxtarov son dəqiqələrdə hesabı artıra bilərdilər. Təcrübələri çatmadı ki, qol vursunlar. Öz üzərlərində çalışsalar, ustalıq səviyyələri də artacaq.
 
- Karyeranızda belə bir mövsüm keçirmisiniz?
- Sözün düzü, belə bir mövsüm keçirməmişəm.
 
- “İnter”ə son 7 oyunda yalnız 1 dəfə məğlub olmusunuz. Görünür, rəqibinizin zəif nöqtəsini tapmısınız...
- Samir Abasov bizi oyuna çox yaxşı hazırlayır. Baş məşqçimizin verdiyi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə çalışırıq.
 
- Rauf Əliyevin xəsarət aldığı epizoda siz də yaxın idiniz. Nə baş verirdi orda?
- Çox qorxdum. Futbol bir qırağa qalsın, təki Raufun canı sağ olsun. Allah ona kömək olsun. Həkimlərin onun dilini çıxartdığını gördüm və dəhşətə gəldim...
 
- “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanmaq üçün layiqli mübarizə aparacaqları gözlənilirdi. Lakin qış fasiləsindən sonra hər şey tam əksinə oldu...
- Türkiyədə yaxşı hazırlıq keçmişdik. Biz də istəyirdik ki, avrokuboklara vəsiqə qazanaq. Görünür qismət belə imiş. Bəzi oyunlarda rəqiblərimizdən açıq-aşkar üstün olmuşuq, amma qələbə qazanmamışıq. Sanki topu rəqibə veririk ki, gəl, qol vur.
 
- Mövsümün sonunda müqaviləniz başa çatacaq. Təkliflər var?
- Qarşıda 4 oyun var. Getsəm də, qalsam da, komandam üçün sona qədər vurşmalıyam. Mənə heç bir klubdan rəsmi təklif gəlməyib. 
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti