Amil Yunanov: "Millidən dəvət alacağım günü səbirsizliklə gözləyirəm" MÜSAHİBƏ

18:18 - 2 May 2016

"9 qol məni qane etmir"
 
“Sumqayıt”ın hücumçusu Amil Yunanov "İnter"lə (2:2) matçdan sonra Sportal.az saytına müsahibə verib.
 
- Oyun haqda fikirlərinizi bildirərdiniz...
- Yaxşı heyətimiz var. Yaxşı futbolçulardan təşkil olunmuş kollektivik. Elə oyunlar var ki, qələbə qazanmağa yaxın olsaq da, son anda bunu əldən veririk. Nələrin baş verdiyini anlaya bilmirəm. Qələbəni belə şəkildə əldən verdiyimiz üçün üzülürəm.
 
- Əksər komandaların zəifləməsi fonunda “Sumqayıt”ın da Avrokuboklar uğrunda yarışacağı gözlənilirdi. Amma bunun şahidi olmadıq. Niyə geridə qaldınız?
- İnanırsınız, mən fikirləşirdim ki, qış fasiləsindən sonra ilk 4 pillə uğrunda mübarizə aparacağıq. Çox təəssüflər. Çox oyunlarda xal və xalları son anda əldən verdik. Biz pis komanda deyilik. Bir neçə oyunumuz da alınmadı.
 
- Komandanız əldə etdiyi qol-şanslarını sağa-sola xərcləyir. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- “Kəpəz”lə oyunda da qol şanslarımız çox idi. Son iki oyunda əldə etdiyimiz fürsətləri dəyərləndirməli idik. Çox təəssüfki belə şansları əldən veririk. Bunun üçün üzərimizdə daha çox çalışmalıyıq.
 
- Premyer Liqada 9 qol vurmusunuz. Mövsümü necə dəyərləndirirsiniz?
- Fikirləşirdim ki, daha çox qol vura bilərəm. Qış fasiləsinə yollananda hesabımda 6 qol var idi. Son oyunlarda yaxşı formada olduğumu hiss edirəm. Çempionatın bitməsinə 4 tur qalıb. İnşallah qalan oyunlarda da qol vurmağa çalışacam. Bəzi oyunlarda zəif oynadım.Bəzi oyunlarda isə komanda şəklində zəif oynamışdıq.
 
- Sizcə, 9 qol az deyil?
- 9 qol məni qane etmir. Mən daha çox fərqlənmək istəyirdim. Elə oyunlar var idi ki, mən qol və ya qollar vurmalı idim. Amma yenə də Allaha şükr edirəm. Öz üzərimdə çalışmağa davam edəcəm. Premyer Liqanın başa çatmasına 4 tur qalıb.
 
- Komandanıza oyunda 2 penalti qazandırdınız. Bəs, zərbələri özünüz niyə yerinə yetimədiniz?
- Bunun mənim üçün heç bir fərqi yoxdur.
 
- Millimizdə hücumçu probelmi var. Bir çox mütəxəssislər sizi yığmanın “qol silahı” kimi görür. Bəs, siz özünüz nə fikirləşirsiz?
- Millidən dəvət alacağım günü səbirsizliklə gözləyirəm. Millidə oynamaq üçün hələ çox çalışmalıyam. Çünki yığmada məndən yaxşı futbolçular var.
 
- Növbəti matçınız çempion “Qarabağ”a qarşı olacaq...
- “Qarabağ”ın gücü hamıya bəllidir. “Qarabağ” Avropa səviyyəli komandadır. Əlimizdən gələni edəcəyik ki, layili oyun nümayiş etdirək.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti