Volkan Üst: "CBC Sport"u "Əl-Cəzirə" kimi məşhur kanala çevirmək istəyirəm" MÜSAHİBƏ

14:16 - 3 May 2016

"Sosial şəbəkədə çox paylaşımlar etməsəm də, çox izləyirəm"
 
"CBC Sport" kanalının rəhbəri Volkan Üst "Qaynarinfo"ya müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Öncə bu bəsit və ümumi sualla müsahibəyə başlamaq istəyirəm. "CBC Sport"da işləriniz necə gedir?
- Mən 15 yanvarda burda işə başladım. Layihələri 3 qat artırdıq. Təhlil, bəhs, proqnoz proqramları ilə ekranlara çıxdıq. Artıq mövsümü başa vururuq. Növbəti mövsümü düşünməliyik. İlk növbədə çəkiliş keyfiyyətində yenilik edəcəyik. Beynəlxalq çəkiliş standardlarına bir az daha yaxınlaşacağıq. Artıq qapının içərisində də kameralar olacaq. Hər matçda 2 kran çalışacaq. Meydança daxilində yaratdığımız imkanları, oyun öncəsi söhbətləri və fləş-intervyuları daha çox artdıracağıq. Daha çox azarkeşi bu işin içinə soxmağa, matçlarda onlara da söz verməyə çalışacağıq. "Mənim Liqam №1" kimi şərhçilərin öz oyun apardıqları çempionatları müdafiə edərək əyləncəli veriliş yaratmaları yaxşı haldır. Belə verilişlərin sayını artırmalıyıq. Məqsədimiz fərqli verilişlərlə tamaşaçılar önünə çıxmaqdır.
 
- Oyun sonrası məşqçilər və futbolçulardan müsahibələr dünya praktikasında da mövcuddur. Azarkeşlərdən fikir öyrənmək isə yenilik olacaq. Bu məsələni bir az daha açıqlardınız...
- Bizim ilk növbədə Azərbaycan çempionatı gəlir. Məqsədimiz Azərbaycan çempionatına baxımlılıq, fərqlilik qazandırmaqdır. Bəzən futbol bizi xoşbəxt etməyə bilər, ancaq bizim işimiz bu futbolu ən mükəmməl şəkildə, xətasız göstərməkdir. Yayımımıza HD formatda başladıq. Stadionlarda texnoloji yenilik etdik. Eksklüziv olaraq bunu sizə açıqlayıram. Səhər texniki departamentdən aldığım bilgiyə görə, bütün stadionlara fiberoptik çəkilib. Bu o deməkdir ki, peyk siqnalından asılı olmayaraq, müstəqil şəkildə nə istəsək, edə bilərik. Artıq 6 stadionumuzda optik bağlantı qurulub. Qalan 4 stadionda da bunu edincə, sıxıntımız qalmayacaq.
 
- Bir ara sizin telekanalın ancaq HD formatlı yayım etməsindən əsasən bölgə əhalisi şikayətlənirdi. Sonra siz saytınız vasitəsilə açıqladınız ki, bəzi bölgələrdə SD yayım da olacaq. Ancaq bildiyimə görə, bu edilmədi. Bu planınızı etməyə nə mane oldu?
- Düz qeyd edirsiniz. Biz bunu etmədik. Çünki digər telekanallar da artıq HD-yə keçir. Biz geriyə dönüb SD qurana kimi onların hamısı HD yayımı göstərə biləcək. Bildiyiniz kimi, ATV, "İdman Azərbaycan" HD-yə keçib. Ona görə də SD-yə görə əziyyətə qatlaşmağımıza gərək qalmadı. Növbəti mövsüm telekanalların çoxu HD-yə keçmiş olacaq.
 
- Bəs indi də həmin bölgələrdən sizə narazılıqlar gəlmirmi?
- Əvvəlki səviyyədə narazılıq yoxdur. Çünki indi biz vebsaytımızı tamaşaçılara tövsiyə edirik. 3 aydır ki, vebstrim edirik. 1080 pikselli Full HD, 720, 480 formatlı internet üzərindən yayım edirik. 480-lə telefon vasitəsilə də oyunlara izləmək olur. Əvvəllər 2 min izləyicimiz vardısa, son günlər 15-20 min izləyici saytımız vasitəsilə oyunlara baxır. Bu da o deməkdir ki, vebsayt vasitəsilə izlənmə sayımız artıb.
 
- Qarşıdan sizi məsuliyyətli bir turnir  - 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatı gözləyir. Düzdür, burda UEFA-nın bəlli standardları var ki, çəkilişlər zamanı ondan kənara çıxmaq olmaz. Amma müstəqil şəkildə bu turniri necə işıqlandırmağı düşünürsünüz?
- Təbii ki, öz verilişlərimiz olacaq. Ancaq burda da UEFA-nın kriteriyalarından çıxmaq olmaz. Biz UEFA-nın razılığı olacaq layihələrimizi onlara təqdim etmişik. Analiz, dəyərləndirmə kimi beynəlxalq aləmdə də qəbul edilən proqramlarımız olacaq. Bizim üçün işin əsas tərəfi açılış mərasimidir. Həmin mərasimdə bir sürpriz edəcəyik. Bunun üçün razılıq gözləyirik. Sürprizin bir qismini açıqlayım ki, Türkiyədən çox keyfiyyətli, 8 pərvanəli bir dron (mini helikopter) gətirmişik. Hansı ki, bununla film çəkmək olur. Onu canlı yayıma qoşacağıq. Sadəcə bunun üçün xüsusi dövlət mühafizə orqanının razılığı olmalıdır. Bizdə bir dənə çəkiliş helikopteri vardı, amma o, yarımpeşəkardır. Onunla Azərbaycan Premyer Liqasının oyunlarında istifadə edirik. Amma Türkiyədə son zamanlar filmlər indi gətirdiyimiz bu aparatla çəkilib. Həmin aparatı və ondan istifadə etməyi bacaran adamları Azərbaycana gətirmişik. Onlar hazırda dövlət qurumunun razılığını gözləyirlər. U-17-lərin turnirində heç vaxt belə texnologiyadan istifadə edilməyib. Biz bu aparatı 1 aylığa icarəyə götürmüşük. Ancaq onun tam qiyməti 45 min dollardır.
 
- İndi verəcəyim suala telekanal rəhbəri kimi yox, azarkeş kimi cavab verməyinizi istərdim. Türkiyə yoxdur, yəqin ki, Azərbaycana azarkeşlik edəcəksiniz. U-17 yığmamızın Portuqaliya, Belçika və Şotlandiya kimi millilərin yer aldığı qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiniz?
- U-17-nin əvvəlki oyunlarını izləmişəm. Qrupdan çıxmaq şanslarını 50 faiz dəyərləndirirəm. 2002-ci ildə Türkiyə millisi Koreya və Yaponiyada keçirilən dünya çempionatına yollananda biz də onların III yeri tutacağını gözləmirdik. Gözləmədiyimiz halda sonradan çempion olacaq Braziliya ilə baş-başa mübarizə apardıq. Bunu həyatım boyu unutmayacağam. Ona görə də belə şeylərə inanıram. Üstəlik, Azərbaycan öz meydanında, öz azarkeşləri önündə oynayacaq.
 
- U-17 yığmamız yaxınlarda 2 yoxlama oyunu keçirsə də, hər 2 matç "CBC Sport" tərəfindən göstərilmədi. AFFA bu görüşlərin yayınlanmasını istəmədi, yoxsa hazırlıq matçları olduğundan, buna ehtiyac görmədiniz?
- Bildiyiniz kimi, yığmamızın Rusiya və Ukrayna ilə yoldaşlıq oyunlarını çəkib göstərmişik. Lakin Avropa çempionatının başlanmasına sayılı günlər qalmış düşündük ki, bu oyunları çəkib göstərməklə rəqib komandalara millimizi daha yaxından tanımaq imkanı verə bilərik. Bu oyunları göstərməklə xeyirdən çox, zərər verə biləcəyimizi düşündük. AFFA bu məsələlərdə bizə çox güzəştlər edir. İstədiyimiz vaxt düşərgədən məlumat toplamaq bizim üçün problem olmur.
 
- Sosial şəbəkələrdə hər turdan sonra "CBC Sport" barədə tənqidlər yazılır. Bu tənqidləri qərəzli, ya haqlı qəbul edirsiniz?
- Haqlı tənqidlər də var, haqsızları da. Əvvəla, mən tənqidləri sevirəm. Deməli, biz izlənilirik. Məncə, ən gözəl cavab budur. Bəzi tənqidləri oxuyub dəyərləndiririk. Mən bütün tənqidləri oxuyuram. Sosial şəbəkədə çox paylaşımlar etməsəm də, çox izləyirəm. Tənqid edənlərdən bir qisminin televiziya texnologiyasından xəbəri yoxdur. Onlar könüllərindən keçənləri yazırlar, amma bu şeylər ekranda gözəl olmaya bilər...
 
- Tənqidlərdən daha çox hansıları haqsız sayırsınız?
- Daha çox şərhçilərimizə qarşı haqsızlıqlar olur. Bəzən yazırlar ki, oyunlar filan rakursdan da çəkilsəydi, yox belə çəkilsəydi... Ancaq stadionların şəraiti buna imkan vermir. Əslində biz də elə çəkmək istəyirik. Ağlın yolu birdir. Amma stadionda şərait olmadığı halda, edə biləcəyimiz bir şey yoxdur. Klublarla da stadion məsələsində mübahisə edirik ki, filan yerə də kamera yeri qoyun ki, o rakursdan çəkə bilək. Bəzi stadionlarda kamera uçacaq deyə düşünürəm. O qədər dik yerdən çəkiliş edirlər ki... Hələ bir-ikisinin kameranı iplə bağladığını bilirəm. Ən çox çəkiliş yeri ilə bağlı tənqidlər olur. Şərhçilər barədə "kaş ki belə deməyəydi" sözləri isə hər zaman olacaq. Heç kimi razı salmaq mümkün deyil. Nə xoşbəxtik ki, tənqid olunmaq üçün izlənmişik.
 
- Telekanalın öncəki rəhbəri İlya Rüstəmov sosial şəbəkədə tənqidlərə həssas idi və dərhal reaksiya verirdi. Siz isə onun tam əksisiniz...
- Normal həyatımda da belə şeylərə reaksiya vermirəm. Yəni həyatda necəyəmsə, sosial şəbəkədə də eləyəm. Sadəcə tənqidlərdən nəticə çıxarmaq üçün hamısını oxuyuram. Məqsədimiz Azərbaycanda yox, bu bölgədə ən baxımlı idman kanalına çevrilməkdir. "CBC Sport"u Türkmənistan, Qazaxıstan, İranda da göstərən "Əl-Cəzirə", "BeİN Sports" kimi məşhur telekanala çevirmək istəyirəm. Ona görə də bu hədəfə doğru irəliləyirik. Tənqid edilmək çox yaxşı şeydir. İzlənildiyimizi bilmək sadəcə mənə xoş gəlir. Tənqid edilmiriksə, deməli, nöqsanlarımız var. Səhərə kimi mən yazılan tənqidləri fikirləşirəm ki, bəlkə bunu edə bilərik. Son vaxtlar xanım şərhçilərə şans veririk. Bəli, onlar gənc, təcrübəsiz, həvəskardır deyə səhvləri ola bilər, ancaq biz onlara televiziya biliyi öyrədirik. Həmişə bunun arxasında duracağam və "CBC Sport"a yeni üzlər qazandıracağam.
 
- Məncə, bu sual sizə çox verilib. Elə isə mən də yenidən təkrarlamaq istəyirəm. Məndə olan bilgiyə görə, hələ də "CBC Sport"dan klublara çatacaq 70 min manat ödənilməyib...
- Yox, verilib. Biz üstümüzə düşən öhdəliyi yerinə yetirmişik. AFFA-ya bütün pullar ödəniş edilib. Bildiyimə görə, AFFA da klubların ona olan borcu ilə bu pulları kompensasiya edib. Borcu olmayan 1-2 klub vardı ki, onlara da nəğd şəkildə 70 min verilib.

Xəbər xətti