"İnşallah Raufu tezliklə yaşıl meydanlarda görərik"
“Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına müsahibə verib.
- “İnter”lə keçən dramatik oyun barədə fikirlərinizi bildirərdiniz...
- Onu deyim ki, qol vurmaq üçün çoxlu şasnlarımız oldu. Amma təəssüflər olsun ki, bu epziodları qola çevirə bilmədik. “İnter”in heyətində təcrübəli futbolçular çoxluq təşkil edir. Fikrimcə, bu oyunda bəxtimiz də gətirmədi. Bundan əlavə, təcrübəsizlik də öz sözünü dedi. “İnter” meydanda bizimlə mübarizə apara bilmirdi.
- Karyeranızda belə bir oyun keçirmişdiniz?
- Həqiqətən də belə bir oyun yadıma gəlmir. İlk dəfə idi ki, belə bir matç keçirdim. Bu oyunda öz səhvlərimizdən 3 xalı əldən verdik.
- Rauf Əliyevin zədələndiyi epizodda siz də topa müdaxilə etdiniz...
- Mən də Raufun qarşısını kəsmək istəyirdim. İstəməzdik ki, Rauf üçün belə olsun. Çox təəssüf edirəm. O anda topu uzaqlaşdırmaq istəsək də, belə bir hadisə baş verdi. Allah Rauf Əliyevə şəfa versin. İnşallah Raufu tezliklə yaşıl meydanlarda görərik.
- Əksər komandaların zəifləməsi fonunda “Sumqayıt”ın da Avrokuboklar uğrunda yarışacağı gözlənilirdi. Amma bunun şahidi olmadıq. Niyə geridə qaldınız?
- Yersiz xallar çox itirdik. Buna görə də turnir cədvəlində irəliləmək mümkün olmadı. Daha çox xal qazana bilərdik. Özünüz də şahidsizniz ki, necə məzmunlu futbol nümayiş etdiririk. Amma bəxtsizlik və bəzən də təcrübəsizlik öz sözünü deyir. Bəlkə də yersiz xallar itirməsəydik, “İnter” və “Kəpəz”lə eyni xalları bölüşəcəkdik.
- “İnter”ə son 7 oyunda yalnız 1 dəfə məğlub olmusunuz. Görünür, rəqibinizin zəif nöqtəsini tapmısınız...
- Sözün düzü, bu statistikanı sizdən eşitdim. Bu haqda bilmirdim. Yəqin ki, “İnter”ə qarşı düzgün taktika ilə oynayırıq.
- Mövsümün sonunda müqaviləniz başa çatacaq. Samir Abasov açıqlamasında bildirib ki, bu heyətdən cəmi 6 futbolçu saxlayacam...
- Bəli, müqaviləm mövsümün sonunda başa çatacaq. Bu barədə rəhbərliklə danışmamışam. Samir müəllimin kimi göndərib, kimi göndərməyəcəyi haqda heç nə deyə bilmərəm. Bütün suallara mövsümün sonunda aydınlıq gələcək.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi